İdris Abbasovun bu tərcüməsi əsl fədakarlıq nümunəsidir

Professor İdris Abbasovun dünya şöhrətli azərbaycanlı dilçi-alim Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsərini 178 ildən sonra əhatəli tədqiq və şərhlərlə Azərbaycan dilinə tərcümə etməsi əsl fədakarlıq və dilçiliyimizə böyük xidmət nümunəsidir.

 

Fransız filosofu və epistemoloqu Etyen Bono dö Kondilyak dil təlimi olan qrammatikanı konstruksiyanın mərkəzində hesab edirdi. O yazırdı: “Nə qədər paradoksal görünsə də, elm bir analizdir, amma bizim intellektual bacarıqlarımızın analitik sistemi olan bir obyektin – dilin analizidir”.

Yazını fransız aliminin bu deyimi ilə başlamağım təsadüfi deyildir. Çünki bəhs edəcəyimiz mövzu məhz “konstruksiyanın mərkəzində” dayanan dilə və onun qrammatikasına həsr olunmuş bir əsərin elmi təhlili ilə bağlıdır. Söhbət professor İdris Abbasovun “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın  tərcümə, tədqiq və şərhi” monoqrafiyasından gedir. 

Şəxsiyyəti ilə qürur duyduğumuz Mirzə Kazımbəy barəsində bir neçə söz demək yerinə düşərdi. Belə ki, M.Kazımbəyin Qərb şərqşünaslığında da xüsusi yeri vardır. Onun adı, demək olar ki, ABŞ-ın və Qərbi Avropanın, xüsusən, Fransanın, İngiltərənin və Almaniyanın ensiklopediyalarında, elmi sorğu kitabçalarında və məcmuələrində layiqli yer tutur. Adıçəkilən ölkələrin jurnallarında M.Kazımbəyin əsərləri dərc olunurdu. Parisdə “Journal Asiatique”də onun bir sıra məqalələri fransız dilində çap olunmuşdur. Həmin məqalələrin birində o, Türkiyə imperiyasının tarixindən bəhs edən Qərb şərqşünası Hammerin mülahizələrinə tənqidi yanaşmışdır. O dövrdəki fransız şərqşünaslarından Qarsen Dö Tassi əsərinə tənqidi yanaşıb səhvləri təshih etdiyinə görə M.Kazımbəyə təşəkkür bildirmişdir. 

1841-ci ildə ingilis alimi və səyahətçisi E.Turnarelli “Kazan və onun sakinləri” adlı kitabında M.Kazımbəyin şəxsiyyətinə, fitri zəkasına, çoxlu dil bilməsinə heyranlığını gizlədə bilmirdi. O, böyük şəxsiyyətin gözəl və cazibədar zahiri görkəmə malik olduğunu da təsvir etmişdir. Məşhur fin alimi Kastren Kazımbəyin pedaqoji fəaliyyətini yüksək qiymətləndirirdi.

Kazımbəyin elmi fəaliyyəti ingilis mətbuatında geniş işıqlandırılırdı. Onun “Alagöl gölü haqqında” məqaləsini özünün “Mərkəzi Asiya” adlı mühüm əsərinə daxil edən alman alimi A.Humboldt (1769-1859) M.Kazımbəyə böyük maraq göstərirdi. O yazırdı: “Mən cənab Kazımbəyin qeydlərinin hərfi tərcüməsinə diqqət etdim, ona görə ki, o, ingilis dilində öz fikirlərini çox sərbəst ifadə edirdi”.  

 1846-cı ildə Kazanda M.Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” adlı fundamental əsərinin ikinci nəşri həmçinin Qərbi Avropa ölkələrində türk dillərinin öyrənilməsi üçün böyük hadisə və stimul oldu. İlk dəfə olaraq bu qrammatikaya alman şərqşünasları müraciət etmişlər. 1848-ci ildə alman şərqşünas, fəlsəfə doktoru Y. Senker “Qrammatika”ya təfsilatlı müqəddimə yazaraq onu alman dilinə tərcümə etmiş  və bundan sonra əsər Qərb ali məktəblərində uzun müddət dərs vəsaiti kimi tədris olunmağa başlamışdır. Təəssüf ki, ilk elmi qrammatikamız olan bu möhtəşəm əsər iki əsrə yaxın dilimizə çevrilməmiş və əsaslı tədqiqat obyekti olmamışdır.  

Avropa ilə Şərqin dil və qrammatik ənənələrini özündə birləşdirən Mirzə Kazımbəyin tədqiqat üsullarının mürəkkəb şəbəkəsindən baş çıxarmaq üçün onun “Qrammatika” əsərinin mütərcimi, ən azından böyük şərqşünasın bilik səviyyəsinə yaxın səviyyəyə malik olmalı, yəni ilahiyyat, tarix, ədəbiyyat bilgilərindən savayı, ərəb, fransız, rus, fars, hətta latın və italyan dillərinin qrammatikasına bələd olmalı, nəzəri dilçilik biliklərinə yiyələnməlidir. O zaman Dilçilik İnstitutunun direktoru olan mərhum akademik Tofiq Hacıyev sadaladığımız vacib keyfiyyətləri özündə birləşdirən şəqşünas-alim İdris Abbasovu institumuza dəvət etdi və monumental dil abidəsinin tərcüməsini ona həvalə etdi. Bu gün 1008 səhifədən ibarət dərin elmi-filoloji məzmun və məziyyətləri ehtiva edən monumental əsər artıq əlimizdədir. Ana dilimizin ilk elmi qrammatikası olan bu möhtəşəm əsər linqvistik-filoloji tədqiq və şərhlərlə genişləndirilmiş, müasir dilçilik baxımından orijinal mahiyyət qazanmışdır.

Prof. İ. Abbasov qədim, orta və müasir dövr dilçilərinin görüşlərinə, xüsusilə, XVII-XIX, XX-XXI əsrlərdə rus, ingilis, latın, fransız, türk, italyan, ərəb və s. dillərdə yazılmış fundamental əsərlərə müraciət edərək M.Kazımbəyin müasir dilçilik üçün xüsusi aktuallıq kəsb edən ideyalarını və çoxcəhətli linqvistik fəaliyyətini araşdırmış, alimin müasir dünya dilçiliyindəki layiqli mövqeyini müəyyənləşdirmişdir.

Prof. İ.Abbasov “Qrammatika” üzərində işləyərkən M.Kazımbəydən əvvəl və onun dövründə Türk-Azərbaycan dilinin qrammatikasına və ümumi dilçiliyə dair çap olunmuş bir çox məşhur əsərlərdən faydalanmışdır. İş prosesində o, xarici dillərin qrammatikalarının ümumi qanunauyğunluqlarını nəzərdən qaçırmamış, dil faktlarına diaxronik-sinxronik və komparativ-kontrastiv aspektdə yanaşmışdır.   

Tədqiqatçı-alim o dövrdə türk dilinin qrammatikasına dair yazılmış əsərləri araşdıraraq hərflərin spesifik cəhətlərini aydınlaşdırmaq üçün yunan, ispan və italyan dillərinin materiallarına müraciət etmiş, M.Kazımbəyin dilçilik ideyalarını S.Sasi, A.Davids, A.Jober, A.Fayzmayer, K.Komidas, L.Dübo və digər dilçi-alimlərin fikirləri ilə müqayisə etmişdir.

Ərəb və Avropa dillərinin qrammatikasına yaxşı bələd olan müəllif şərq və qərb dilçiliyinin ən yeni nailiyyətlərindən faydalanaraq M.Kazımbəyin linqvistik görüşlərinin aydın mənzərəsini yaratmağa nail olmuşdur. Məsələn, A.Davids, A.Jober və digər Avropa alimləri yönlük halı “əl-məful li-əclihi” ifadəsi ilə adlandırırlar. İ.Abbasovun fikrincə, bu istilah ərəb dilində “səbəbiyyət tamamlığı” mənasına gəlir. Yaxud o, Mirzə Kazımbəyin Avropa alimlərindən fərqli olaraq seçdiyi “əl-məful ileyhi” ifadəsini daha məqbul hesab edir. İdris Abbasovun əsər üzərində apardığı tədqiqatlar Azərbaycan dilində hal kateqoriyasının tarixini araşdırmaq probleminə də təmas edir.

Tərcüməçi-alimin fikrincə, Türk-Azərbaycan dillərində hal kateqoriyası mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Halların sayı dəyişikdir. Onlar müxtəlif cür adlandırılır, ifadə etdikləri morfoloji-semantik xüsusiyyətlər fərqlidir. Bu baxımdan italyan alimi K.Komidasın, fransız alimləri P.F.Viqyenin, P.A.Joberin, A.Davidsin əsərlərindən iqtibaslar gətirən İ. Abbasov yazır ki, “İsmin halları barədə J.Preindldə, K.Komidasda, A.Joberdə, A.Davidsdə görmədiyimiz dəqiqliyi biz Mirzə Kazımbəydə görürük. O, vokativ də daxil olmaqla ismin yeddi halından bəhs edərək adlandırmanın ərəb və rus dillərində ekvivalentlərini verir”.

Mirzə Kazımbəy nitq hissələrinə ənənəvi qrammatika baxımından yanaşmış və hər bir nitq hissəsinə ayrıca fəsil həsr etmişdir. İ. Abbasov leksik qruplar kimi səciyyələndirilən nitq hissələrini müxtəlif səviyyələrdə linqvistik modellərin əsası sayan Mirzə Kazımbəylə həmfikir olduğunu söyləyir.

“Sifət” fəslində Mirzə Kazımbəy sifətin dərəcələrini tədqiq etməklə başlayır. Qeyd etmək istəyirəm ki, müasir türkoloqlardan bəziləri, məsələn, A.M. Şerbak türk dillərində keyfiyyət kateqoriyasının və onu ifadə edən sifətlərin mövcud olmadığını iddia edirlər. Mirzə Kazımbəyin əsərində sifət mövzusunda aparılmış tədqiqat bu əsassız iddialara tutarlı cavabdır.

Professor İ.Abbasov qeyd edir ki, türk dilində sifətin müqayisə dərəcəsini düzəltmək üçün latın dilinin qrammatik qanunauyğunluqlarından istifadə olunmuşdur: “Türk-Azərbaycan dilindəki nümunələr latın dili ilə müqayisəli şəkildə nəzərdən keçirilir, bu qaydanın monqol və çuvaş dili üçün də səciyyəvi olduğu göstərilir. Mirzə Kazımbəy bu problemə A.Jober və A.Davidsdən daha müfəssəl yanaşır”.

İ. Abbasov Mirzə Kazımbəyin isim haqqında araşdırmalarını Avropa alimi J.B.Holdermanın fikirləri ilə müqayisə edərək göstərir ki, J.B.Holderman başqa addan törəməyən isimləri camid – “başqasından törəməyən”, “ibtidai”, “orijinal”, “derivativ olmayan”, “yalnız bir formaya malik olan” adlandırmaqla səhvə yol verir. Mirzə Kazımbəy isə bunu çox dəqiq olaraq “başqa sözlərdən” şəklində ifadə edir. Tərcüməçi-alim bu problem haqqında J.Holderman, A.Jober, K.Komidas və digərlərinin əsərlərini müqayisəli təhlil edərək göstərir ki, Holdermanın izahı qeyri-qənaətbəxşdir.

Prof. İ Abbasov tərcümə zamanı Mirzə Kazımbəyin istifadə etdiyi müxtəlif dillərə xas qrammatik terminlərin mürəkkəbliyini izah etmək üçün problemə sırf sinxronik-diaxronik aspektlərin qarşılıqlı asılılığı müstəvisində yanaşmışdır. Hətta o, M.V.Lomonosovun “Rossiyskaya qrammatika” əsərinə müraciət edərək bəzi terminlərin izahını orada tapmışdır. Aydın olmuşdur ki, Mirzə Kazımbəy “neokonçatelnoye naklonenuye” deyərkən feilin məsdər şəklini, “suşestvitelnoye otqlaqolnoye” dedikdə isə kontekstə müvafiq olaraq feili sifəti nəzərdə tutmuşdur. İlk baxışdan yad görünən istilahların aydınlaşdırılması intensiv tədqiqatlar vasitəsilə gerçəkləşdirilmişdir.

Prof. İ. Abbasov Mirzə Kazımbəyin rus dilini türk dilləri ilə müqayisə edərək çox düzgün nəticələrə gəldiyini dəfələrlə qeyd edir. Mirzə Kazımbəy bu fikirdə idi ki, düzəltmə isimlər ya feildən, ya da isimdən əmələ gələ bilər. Alim qeyd edirdi ki, türk dillərində və rus dilində oxşar şəkilçilər mövcuddur.

Prof. İ. Abbasov Mirzə Kazımbəyin linqvistik müddəalarını A.Arno, K.Lanslo, M.N.Boze, M.Abel-Römüza, S.L.Burnuf, K.Komidas, Ş.P.Düvivye, D.Didro, Jan  Lö Dalamber, D.Martelli, P.R.Jansen, V.Peretti, R.Zotti və digər yüzlərlə nəşrə müraciət edərək əsaslandırır. O, sübut edir ki, Mirzə Kazımbəy Antuan Meyenin “Ümumslavyan dili” əsərində irəli sürdüyü müddəaları – türk dillərinin slavyan dillərinə yalnız leksik planda deyil, qrammatik səviyyədə də çox böyük təsir etdiyini – adı çəkilən alimdən xeyli əvvəl irəli sürmüşdür. 

Saylar kəmiyyətin linqvistik modelləridir. Say sistemi dedikdə isə kəmiyyəti ifadə edən yazı sistemi nəzərdə tutulur. Sayları miqdar, sıra və bölüşdürmə olmaqla üç başlıq altında nəzərdən keçirən Mirzə Kazımbəy qeyd edir ki, türklərin istifadə etdikləri rəqəmlər düzgün olmayaraq ərəb rəqəmləri adlandırılır. Tərcümə zamanı çoxsaylı mənbələrə müraciət edən prof. İ. Abbasov M. Kazımbəyin irəli sürdüyü müddəanı əsaslandıraraq göstərir ki, ərəblər say sistemini hindlilərdən əxz etmişlər. A.Joberin də etiraf etdiyi kimi hurouf el-Hindi adı daşıyan bu rəqəmlər soldan sağa yazılış tərzini mühafizə etmişdir.

Bir çox Misir əlyazmalarından məlum olur ki, qibti rəqəmləri ərəb rəqəmlərinin əvəzinə işlənmişdir. Avropa alimi Silvestr dö Sasinin əsərinə müraciət edən tərcüməçi-alim ğubar adlanan bu rəqəmlər sisteminin hind rəqəmləri ilə çox əlaqədar olduğunu və böyük alim Mirzə Kazımbəyin bu məsələdə tamamilə haqlı olduğunu sübut edir. 

Mirzə Kazımbəy türk dilləri içərisində ən qədim hesab olunan çuvaş dilindən misallar gətirir. İ. Abbasov çuvaş dilinin qrammatikası haqqında ətraflı məlumat əldə etmək üçün 1780-ci ildə Sankt-Peterburqda çapdan çıxmış “Çuvaş dilinin müxtəsər qrammatikası” əsərinə müraciət etmişdir. Əsərin müəllifi cənab Levek bu kitabda yazır: “Çuvaş dilində nə artikl, nə də qrammatik cins vardır. Çuvaş dilində türk dilində olduğu kimi yiyəlik hal vasitəsilə bir-birindən fərqlənən iki növ hallanma mövcuddur”. Çuvaş dili fonetik xüsusiyyətlərinə  və leksik qrammatik strukturuna görə türk dilləri içərisində xüsusi yer tutur. Bəzi türkoloqlar çuvaş dilini türkləşmiş uqor dili, digərləri monqol, altay və türk dilləri arasında körpü rolunu oynayan üçüncü bir dil, bir qrup alimlər isə bu dili türk dilinin bir ləhcəsi hesab etmişlər. Mirzə Kazımbəy isə çuvaş dilini prototürk dilinə ən yaxın olan türk dili sayır.

M. Kazımbəy öz əsərində əvəzliklərin bütün növlərindən bəhs etmişdir. Əvəzliklər ən anlaşılmaz nitq hissəsi hesab olunur. M.V.Lomonosov “Rossiyskaya qrammatika” əsərində əvəzliyi köməkçi nitq hissələrinə aid edir. Professor İdris Abbasovun böyük xidməti ondadır ki, əvəzlik bəhsinin və digər bəhslərin tərcüməsi zamanı Mirzə Kazımbəyin istifadə etdiyi çətin və bəzən anlaşılması mümkün olmayan terminləri və istilahları A.Jober, A.Davids, S.Sasi, K.Kupfer, F.Emerson, K.Şneyder, C.K.Byanşi, A.Fayzmayer və digər alimlərin əsərlərinə istinad edərək şərh edir. 

Məlumdur ki, F.Boppun 1833-1849-cu illər arasında çapdan çıxmış “Sanskrit, zend, yunan, latın, litva, qot və alman dillərinin müqayisəli qrammatikası” dilçilik tarixində inqilab kimi təqdim olunmuş, bu əsərin müqayisəli qrammatikanın təkamülündəki yeri olduqca qabarıq təsvir edilmişdir. Halbuki Mirzə Kazımbəyin 1839 və 1846-ci illərdə çapdan çıxmış möhtəşəm əsəri müqayisəli dilçilik tarixində daha yüksək missiyanı yerinə yetirmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” kitabı dilçilik məsələlərinə yanaşma baxımından F.Boppun əsərinin fövqündə dayandığı halda nisbətən sükutla qarşılanmışdır. Əlbəttə, bu sahədə Azərbaycan dilçiliyinin də günahı az deyildir. Milli-mədəni sərvətimizin tərkib hissəsi olan bu möhtəşəm dil abidəsinin indiyədək doğma dilimizə tərcümə olunmaması təəssüf doğurmaya bilməz. Prof. İ. Abbasov bu barədə yazır:

“Bütün çatışmazlıqlarına rəğmən F.Boppun mövqeyi və onun əsərinin müqayisəli qrammatikada yeri olduqca qabarıq şəkildə təsvir edilmişdir. E.Makayev dilçi-alim A.Meyeyə istinadən yazırdı: “Xristofor Kolumb Hindistana yol axtararkən Amerikanı kəşf etdiyi kimi Bopp da Hind-Avropa dillərinin izahını arayarkən müqayisəli qrammatikanı kəşf etmişdir”. Tərəddüd etmədən eyni yüksək qiyməti, hətta ondan bir qədər üstününü Mirzə Kazımbəyə vermək daha ədalətli yanaşma olardı. Mirzə Kazımbəy 1839-cu ildə məhz belə bir nəhəng missiyanı yerinə yetirmişdir. Əslində, o, nəinki türkologiyada, həm də ümumi dilçilikdə, faydalı və orijinal bir əsər ortaya qoymuşdur. Mirzə Kazımbəy nəinki rus və müxtəlif türk dillərinin, həmçinin monqol, ərəb, fars, fransız dili kimi müxtəlif sistemə malik bir sıra dünya dillərinin müqayisəli qrammatikasını tədqiqata cəlb etmiş, öz dərin intuisiyası hesabına komparativ və kontrastiv dilçiliyin klassik keyfiyyətlərinə xidmət edən bir sıra parlaq və inandırıcı tutuşdurmaları təqdim etməyi bacarmışdır. Dünya dilçiləri heç bir qısqanclıq etmədən bu sayğıdəyər şəxsiyyətin gerçək mövqeyini açıqlamaqdan çəkinməməli, bu dahi azərbaycanlı alimin dünya dilçilik elminə verdiyi töhfəni düzgün qiymətləndirməlidir. Etiraf etmək lazımdır ki, bir çox dilçilik məsələlərinə yanaşmada Mirzə Kazımbəy hətta F.Boppun fövqündə dayanır. M.Kazımbəyin linqvistik irsini ciddi tədqiqata cəlb etmək yolu ilə bu həqiqəti asanlıqla təsbit etmək mümkündür. Təəssüf ki, bu dahi şəxsiyyətin linqvistik irsi indiyədək ciddi tədqiqat obyekti olmamışdır”. 

Dilçi-alim İ. Abbasovun tərcüməsində Mirzə Kazımbəyin əsərinin ikinci hissəsində feil bəhsi tədqiq və şərhlərlə müşayiət edilir. Feil bölümündə dünya elm tarixində məşhur olan görkəmli dilçi-filoloqların, məntiqşünasların nəzəri görüşləri ilə tanış oluruq. Tərcüməçi-filoloq çox doğru qeyd edir ki, dilçilərin diqqətini uzun müddət özünə cəlb edən aspektologiya məsələləri, onun semantik sferasına dair problemlər nəinki M.Kazımbəyin yaşadığı dövrdə, hətta indinin özündə belə həllini tapmamışdır. Çünki, dilçilikdə təkcə feil növünün (tərzinin) forması deyil, həm də qrammatik növ kateqoriyası hamı tərəfindən qəbul edilən qiymətini almamışdır. Müasir dövrdə bu kateqoriyalar koqnitiv dilçilik müstəvisində nəzərdən keçirilir.

Prof. İdris Abbasov aspektologiya haqqında daha ətraflı təsəvvür yaratmaq üçün antik dünyada aspektual növlər haqqında irəli sürülən müddəaların qısa xülasəsini verir. Aristotel, stoiklər, Apollon Diskola, M. Terensiya Varron, XVIII əsr dilçisi M.V.Lomonosov, XIX əsrdə V.Kopitar, XX əsr dilçiləri H.Pedersen, A.Nuren, S.Karsevski, Q.Qiyom və başqalarının nəzəriyyələrini oxucuya təqdim edir.

Məlumdur ki, türk dillərində feil mühüm nitq hissəsidir. Maks Müller feili yunan və sanskrit dilləri ilə müqayisəli şəkildə təqdim edir. İ. Abbasov feilin şəkil kateqoriyasını tərcümə edərkən M. Müllerin qiymətli fikirlərinə istinad edir, alimin bu sözlərini xüsusi vurğulayır: “Türk dilləri şübhə, güman, ümid, təxmin və ehtimalların ən incə çalarlarını ifadə etməyə yetərli olan şəkil və zaman rəngarəngliyinə malikdir”. 

Professor İdris Abbasovun apardığı tədqiqat nəticəsində oxucu feilin zəngin zaman və tərzlərinin müxtəlif dillərdəki müqayisəsi ilə tanış olaraq Mirzə Kazımbəyin əsərinin əzəmətini dərk edir.

Tədqiqatçı-alim çox doğru olaraq qeyd edir ki, Mirzə Kazımbəyin təkcə öz dövrü üçün deyil, həm də müasir dilçilik nöqteyi-nəzərindən xüsusi aktuallıq kəsb edən “Türk-tatar dilinin ümumi qrammatikası” əsərində yaranmaqda olan yeni dilçilik cərəyanlarının lokomotivi ola biləcək bir sıra dəyərli elmi-nəzəri müddəalar mövcuddur. O, Mirzə Kazımbəyin müasir dünya dilçiliyindəki mövqeyini müəyyənləşdirmək məqsədilə böyük alimin bu istiqamətdə XXI əsr üçün çox aktual olan nəzəri-linqvistik görüşlərini əsaslandırır.

Beləliklə, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov öz müfəssəl və sanballı tədqiqat və şərhlərlə əhatə olunmuş tərcümə əsəri ilə rus şərqşünaslığının patriarxı, görkəmli türkoloq, şərqşünas alim, böyük dilçi, Azərbaycan xalqının fəxri, həmyerlimiz Mirzə Kazımbəyə əbədi abidə qoydu.


Zemfira Əliyeva

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru

26.10.2017 15:50 / Baxılıb: 321 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo