Sabah Gürcüstanda seçkilər keçiriləcək

"Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçki keçiriləcək. Gürcüstan qanunvericiliyinə görə, oktyabrın 21-i ölkədə qeyri-iş günüdür".

Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.

MSK sədri deyib ki, sabah seçicilər 2058 bələdiyyə üzvü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərlə əlaqədar 22 siyasi partiya, 5 seçici bloku və təşəbbüs qrupu MSK-da qeydiyyatdan keçib.

T.Jvaniyanın sözlərinə görə, seçkilərdə 369 şəxsin mer vəzifəsinə, o cümlədən 13 nəfərin Tbilisi şəhər meri vəzifəsinə namizədliyi irəli sürülüb.

Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir.

Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır.

Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389 –u seçici subyektinin, 20641- yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir.

Prosesi həmçinin 4820 jurnalist izləyəcək.

MSK sədrinin sözlərinə görə, seçki məntəqələri bütün lazımi avadanlıqla təmin olunub. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər çap olunub. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.

Səsvermə oktyabrın 21-də saat 8:00-da başlayacaq, saat 20:00-da başa çatacaq və məntəqələr bağlanacaq. (report)

20.10.2017 19:32 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo