Leyla Əliyeva İnnovasiya ekosisteminin qurulması adlı seminarda Fotolar

Samir Soltanov/AZADİNFORM. Oktyabrın 19-da Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb. 

Azadinform xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər. 

Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir. 
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov insan kapitalının inkişaf etdirilməsi sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri, “Global Innovation Catalyst” şirkəti ilə əməkdaşlığın ölkəmizin ali təhsil sistemi üçün yeni imkanlar yaradacağını bildirdi. Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın inkişafı üzrə Strateji Yol xəritələrinin və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri kimi insan kapitalının vacibliyini vurğulayan təhsil naziri bu tədbirin gələcəyə baxış strategiyaları ilə innovasiyaların inkişafına xidmət edəcəyini diqqətə çatdırdı. Nazirin sözlərinə görə, bu üçtərəfli sinerjidə ali təhsil müəssisələri platforma rolunu oynaya bilər. İnnovativ ekosistemin formalaşması və inkişafında sahibkarlıq universitet modelinin günümüzdə daha da aktuallaşdığını qeyd edən Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin bu formada fəaliyyət göstərməsi üçün ilk addımlar atdığını bildirdi. 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxışında Prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarının inkişafını hər zaman diqqət mərkəzində saxladığını qeyd etdi. Nazir dedi ki, iqtisadiyyatın hərtərəfli inkişafının təmini, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı istiqamətində dövlət tərəfindən bir sıra uğurlara nail olunub. Sumqayıt Texnologiyalar Parkı, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Mingəçevir Texnologiyalar Parkının yaradılması buna əyani nümunədir. Ramin Quluzadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ ideyaların dəstəklənməsi məqsədilə üç istiqamətdə fəaliyyət göstərdiyini dedi və bildirdi ki, bunlar startap layihələrinə qrantların ayrılması, biznesə çevrilən layihələrə güzəştli kreditlərin verilməsi və bir sıra layihələrdə investor kimi çıxış etməkdir. Fondun bu günədək keçirdiyi 5 qrant müsabiqəsinə 750-dən çox layihə təqdim olunub. Bu layihələrdən 112-si qalib elan edilib. Yüksək Texnologiyalar Parkında 30-dan çox layihə icra olunur. Bu istiqamətdə nazirlik tərəfindən mövcud ekosistemin inkişafına çox böyük müsbət təsir edəcək yeni innovasiya mərkəzi yaradılır. Hədəf isə İKT sahəsində “Made in Azerbaijan” brendi altında dünya bazarına məhsul və xidmətlər çıxarmaqdır. Ölkənin İKT sektorunda fəaliyyət göstərən startap layihələrinə yerli investorların cəlb edilməsi də prioritetlər arasındadır. Bu məqsədlə İT İnvestorlar Klubunun yaradılması istiqamətində işlər aparılır. Ramin Quluzadə universitetlərdə İKT sektoruna aid digər layihələrə də dəstək verildiyini bildirdi və buna misal olaraq ADA Universiteti ilə əməkdaşlığı qeyd etdi. 
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə çıxışında diqqəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlara yönəltdi. Bildirdi ki, bunun nəticəsində yaranan iqtisadi potensial dünya iqtisadiyyatında gedən mənfi proseslərdən yaranan şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirib, iqtisadiyyatın yeni şəraitə uyğunlaşdırılmasına imkan yaradıb. İqtisadi sahədə strateji məqsədlərə nail olunmasında innovativ və iqtisadi ekosistem formalaşdırılmasının böyük rolu var. Sevinc Həsənova dedi ki, innovativ ekosistemin formalaşması, çoxşaxəli prosesdir və sahibkarlara, elmi-tədqiqat mərkəzlərinə və digər təşkilatlara səmərəli əməkdaşlıq etməyə imkan yaradır. 
Çıxışlardan sonra “Global Innovation Catalyst” şirkətinin təsisçisi və sədri Kəmran Elahianın “Qazıntı iqtisadiyyatından innovativ iqtisadiyyata” mövzusunda təqdimatı oldu. 
Sonra Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank “Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda seminar keçdi. 
Üç gün davam edəcək seminarda iştirakçılar sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üçillik fəaliyyət planı hazırlayacaqlar. Seminar çərçivəsində vençur maliyyəsi, sahibkarlıq təhsili və mədəniyyəti mövzusunda təlim və müzakirələr, vençur investorların panel müzakirəsi təşkil olunacaq. 
Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti tərəfindən təşkil olunan tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seminar iştirakçıları ilə görüşdü.

19.10.2017 17:15 / Baxılıb: 188 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo