Sahibkarlara 11 milyon manat güzəştli kredit verilib

Eşqin Nuruşov/AZADİNFORM. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdaş rayonunun Qulbəndə kəndində növbəti işgüzar forumunu keçirib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, tədbir çərçivəsində Fond rayonun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrini və metodiki materialları sahibkarlara təqdim edib. 

Forumda SKMF-in icraçı direktoru Şirzad Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O, bildirib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13 300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 542,5 mln. manat güzəştli kredit verilib.

Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 10,7 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, aqroparkın yaradılması, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradacaq.

Forum çərçivəsində rayonun Ərəbocağı kəndində dövlətin güzəştli krediti ayrılan cins heyvandarlıq təsərrüfatına baxış keçirilib.

Ümumilikdə indiyə qədər SKMF ümumi dəyəri 242,6 mln. manat olan 25 müasir heyvandarlıq kompleksinin yaradılmasına 109 mln. manat güzəştli kredit verib. Artıq bu heyvandarlıq komplekslərindən 20-i fəaliyyət göstərir.

19.10.2017 16:42 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo