Dövlət Müstəqilliyi Günü BİTKol-da qeyd edilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. 

Azadinform xəbər verir ki, kollecin konfrans zalında keçirilən tədbiri təhsil müəssisəsinin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq, bu günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, ötən əsrin sonlarında SSRİ-nin süquta uğraması nəticəsində yaranan əlverişli tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib. Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında 1991-ci il 30 avqust tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilib. Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq səsverməsində Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb. Direktor müavini bildirib ki, beləliklə də XX əsrin sonunda Azərbaycan yenidən öz müstəqilliyinə qovuşub. 1992-ci ilin mayında isə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib. X.Məcidov qeyd edib ki, düz 26 ildir Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir. 

Kollecin direktoru Varis Allahverdiyev müstəqilliyin əldə edilməsindən ötən 26 il ərzində ölkəmizdə baş verən ictimai-siyasi proseslərdən söhbət açıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın torpaqlarımıza hərbi təcavüzü ilə müşayiət olunan dərin siyasi-iqtisadi böhran, hakimiyyət çəkişmələri müstəqilliyin yenidən itirilməsi təhlükəsini yaradıb. Məhz belə bir məqamda Azərbaycan xalqı dünya şöhrətli, müdrik siyasətçi Heydər Əliyevə üz tutub, onu Naxçıvandan Bakıya dəvət edib və yenidən özünə rəhbər seçib. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Onun ölkə rəhbəri kimi həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilib, ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb, 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanıb, bununla da müstəqilliyin möhkəmləndirilməsi üçün vacib şərt olan sabitlik təmin edilib.   
Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməsindən sonra görülən işlərdən geniş söhbət açan V.Allahverdiyev 1993-2003-cü illəri müstəqilliyimizin ikinci dövrü adlandırıb. Qeyd edib ki, bu illərdə ümummilli liderin böyük uzaqgörənliklə atdığı bütün addımlar Azərbaycanın sabahının, onun uğurlu inkişafının möhkəm əsaslarını qoyub. Bildirilib ki, müdrik Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha təsdiqləyərək, ulu öndərin siyasi varisi İlham Əliyevi Prezident seçib. V.Allahverdiyev deyib ki, 2003-cü ildən başlayaraq Azərbaycan sürətli və dinamik inkişafı ilə səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü - möhtəşəm quruculuq dövrü sayılır. Bu dövrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biliklərə dayanan cəmiyyətin yaradılması sahəsində ciddi işlər görülür. 
Kollecin tədris istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov da çıxış edərək, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.


 







 

18.10.2017 18:44 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo