Kramer və Kozlarıçın gözlənilən zühuru

Bir az əvvəl AXCP sədri Əli Kərimli status paylaşaraq ABŞ-ın “tanınmış” diplomatlarının İlham Əliyevin özünə qarşı da sanksiya tətbiq etmək təkliflərini ictimailəşdirib. Əslində bu “tanınmış” diplomatların kimliyi Azərbaycan ictimaiyyəti üçün heç də pünhan deyil. Azərbaycanda siyasi prosesləri az da olsa izləyən hər kəs bu yarımçıq diplomatları tanıyır, bilir: ABŞ-ın keçmiş dövlət katibinin Avropa regionu üzrə yardımçısı David Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich. 


Hər iki zatın zaman-zaman Azərbaycanı tənqid etmələri gözləniləndir, yəni onların yenidən Azərbaycan hakimiyyətini tənqid etmələri təəccüblü deyil. 


Əli Kərimlinin hər yola baş vuraraq nəticə almadığını görüb bu dipolamatların hansısa tənqidini “Quran ayəsi” hesab edib, mitinqə adam toplaması bir daha onun zəifliyinin və çarəsizliyinin əyani təsdiqidir.  


İndi isə gəlin Kərimlinin güvəndiyi hər iki diplomatın keçmişinə - dağıdıcı, qeyri-konstruktiv fəaliyyətinə birgə nəzər salaq. 


Yuxarıda qeyd etdiyimiz kimi, D.Kramer bir zamanlar ABŞ Dövlət katibinin müavini vəzifəsində çalışıb. Sonradan "Freedom House” adlı amorf bir quruma sədrlik etdiyi  zamanlarda Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Və bu mövqeyi onun "Freedom House”dən getməsindən sonra da dəyişməyib. Azərbaycandan fərqli olaraq  D.Kramerin fəaliyyətində Ermənistana sonsuz sevgisi diqqətlərdən yayınmır. 


Maraqlıdır, axı necə demokrat ola bilərsən ki, nifrət etdiyin Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, insan və vətəndaş hüquqlarının addımbaşı boğulduğu Ermənisatana sevgi bəsləyəsən? Və yaxud da necə demokrat ola bilərsən ki, Ermənistanda etiraz aksiyaları zorakılıqla boğulanda, söz azadlığı tapdalananda lal, kar və kor olsan? Axı bütün bunlar Qafqazda - Azərbaycanın qonşuluğunda, bizim insanların gözlərinin qarşısında baş verir. Azərbaycan hakimiyyəti və bu hakimiyyətin güvəndiyi, etibar etdiyi XALQ bütün bunları necə görməyə bilər? 


Təbii ki, heç bir əsası olmadan ABŞ rəhbərliyini Azərbaycana sanksiya tətbiq etməyə çağıran D.Kramerin erməni sevgisi erməni lobbisinə bağlı olmasından irəli gəlir. Əlbəttə, belə bir şəxsin Azərbaycan haqda danışmağı qərəzli olduğu qədər, cəfəngdir.


Maraqlı cəhət həm də ondan ibarətdir ki, D.Kramer hazırda “Freedom House” təşkilatının rəhbəri deyil, lakin, onun kölgəsi “Azadlıq evi”nin üzərində hələ də “bərq vurur”. D.Kramer faktiki fəaliyyətini Vaşinqtondakı “McCain” institutunun insan haqları və azadlıqları üzrə direktoru adı altında pərdələsə də əslində bu şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşı olduğuna dair dəqiq məlumatlar var və bu idarənin kuratoru kimi çalışır. 


Yəhudi əsilli Kramer təkcə Azərbaycan deyil, onun müttəfiqi Rusiyaya qarşı da düşmən mövqeyi ilə seçilir. Zaman-zaman mediada çıxan məlumatlardan da göründüyü kimi, vaxtilə Nyu-York kafelərində Yevgeniya Çirikova və bu günlərdə qətlə yetirilən Boris Nemtsov kimi rus müxalifətçilərlə görüşərək, Kremlə qarşı qiyamın ssenarilərini müzakirə edib. Hətta Rusiya müxalifətinin maliyyələşdirilməsində onun vasitəçiliyi mühüm rol oynayıb. O, “Bəzilərinin Birləşmiş Ştatlardan zəhləsi gedir və bundansa Rusiya ilə yatağa girməyə razıdır” ifadəsində isə öz təbirincə, Azərbaycanı da tənqid etmiş olur.


Göründüyü kimi D.Kramer Azərbaycanı sevmir, daha doğrusu, ölkəmizə nifrət edir. Bu əsassiz nifrətin səbəbi tam bəlli deyil. Lakin bunun insan haqları, yaxud demokratiyaya heç bir aidiyyatının olmadığı dəqiqdir. Əlbəttə, bu ona çətir tutan gizli əbləhlərin də təlimatından irəli gələ bilər, yaxud erməni lobbisinə sıx tellərlə bağlı olan dövlət katibi Con Kerri ilə yaxınlığından da. Lakin onun haqqında münasibət birmənalı deyil. Məlumatlara görə, bu şəxs öz paranoyalığı ilə diqqət çəkir. Opponentlərinə qarşı küçə söyüşləri istifadə edir və özü haqda daim yüksək fikirdədir. Bir sözlə öz “mən”inə çox güvənir. 


Kramerin bu gün dostluq etdiyi və Azərbaycan qarşı kampaniyada birgə yer aldığı Riçard Kozlariçlə dostluğu da müəyyən şübhələrə yol açır. Belə ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariç öz içki düşkünlüyü ilə ad çıxarmışdı və hətta rəsmi görüşlərdə səfirlik əməkdaşları məcbur qalaraq rəhbərlərini bir-bir əvəz edirdi.


Göründüyü kimi, Kramer və Kozlarıç hər fürsətdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar. Məqsəd bəllidir: Qafqazın ən güclü dövlətini “əl birliyi”ilə gücdən salmaq. Amma unudurlar ki, Azərbaycandakı “el birliyi” onların bu niyyətlərininin reallaşmasına imkan verməyəcək. Təbii ki, onların bu fəaliyyəti erməni diasporunun qarşısında götürdükləri öhdəliklərlə də bağlıdır. Prinsipcə bu istiqamətdə Azərbaycanın əleyhinə olan 3 qüvvə var. Erməni diasporası və Ermənistan, Kramer və Kozlarıç cütlüyü və Əli Kərimlinin simasında destruktiv müxalifət. 


Maraqlıdır, yuxarıda qeyd etdiyimiz kimi, əgər Kramer və Kozlarıç doğurdan da Azərbaycanın xoşbəxtliyi naminə fəaliyyət göstərirlərsə niyə bir dəfə də olsun 1 milyon qaçqının adını çəkmirlər. Əksinə, Azərbaycanın üzləşdiyi problemləri görməməzlikdən gəlirlər. Digər tərəfdən o zaman ki, ABŞ-Azərbaycan münasibətləri sabit inkişaf dövrünə qədm qoyur, bəli, bu zaman artıq məlum cütlük bu münasibətlərin gərginləşməsindən ötrü var gücü ilə çalışmağa başlayır.  


Baxın və diqqət edin:
bizim ölkədə müxalifət adı altında sığortalanan, əslində isə xaricdən təlimatlar alaraq ölkədə sabitliyi pozmağa hesablanmış addımlar atan Əli Kərimli kimilərin məqsədləri nədən ibarətdir.  


Eşqin Nuruşov

18.10.2017 15:40 / Baxılıb: 429 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo