Münaqişənin dinc vasitələrlə həlli imkanları sıfıra enir

Leyla Məhərrəmova / AZADİNFORM. Dünən ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü baş tutdu. Hər iki ölkənin XİN rəhbərləri və həmsədrlər görüşün konstruktiv atmosferdə keçdiyinə dair bəyanat yaydı. Bəs bu görüş münaqişənin tənzimlənməsi prosesinə necə təsir edə bilər?

Məsələ ilə bağlı Azadinform-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli üçün İrəvan ilk növbədə, Azərbaycan ərazilərinin işğalı faktını aradan qaldırmalıdır. Deputat vurğulayıb ki, İrəvan qondarma qurumun müstəqilliyi və ya Ermənistana birləşdirilməsi iddialarından əl çəkməlidir. M. Qasımlının sözlərinə görə, işğal faktı davam etdikcə və Ermənistana beynəlxalq təzyiqlər olmadıqca, münaqişənin dinc vasitələrlə həlli imkanları da sıfıra enir.

Qeyd edək ki, görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan münaqişənin nizamlanmasında dair fikirlərini bildirdi. Onun sözlərinə görə, Ermənistan üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Sarkisyanın bəyanatı ilə bağlı fikir bildirən politoloq Zaur Məmmədov deyib ki, Sarkisyan hər dəfə iç üzünü açmaqla məşğuldur: “Sərsəm Sarkisyan əvvəl-axır Azərbaycanın silləsi ilə üzləşəcək”. Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Vaxt da rəsmi Bakının lehinədir: “Hesab edirəm ki, bu gün Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayan Sarkisyan sabah danışıqlar masasında tamam başqa mənzərə ilə qarşılaşacaq”.

17.10.2017 15:30 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo