Səbaildə ilin doqquz ayının yekunları müzakirə olunub

Adəm Abbaslı/AZADİNFORM. Səbail rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Səbail RİH-dən Azadinform-a verilən məlumata görə, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunub. Bildirib ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur. doqquz ayda qeyri-neft iqtisadiyyatı  2,5 faiz,  qeyri-neft sənayesi  3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb, ölkədə 226 min yeni iş yeri açılıb. 

Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağının tikilib, təmir edildiyini qeyd edən Eldar Əzizov bildirib ki, “Prezident İlham Əliyevin hakimiyyəti sosial yönümlüdür və maarifçi xarakter daşıyır”. 

Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsinə çatıb. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəriciləridir. 

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin doqquz ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verib. Qeyd olunub ki, 9 ay ərzində iri sənaye müəssisələri tərəfindən 17 milyard 707,7 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,6 faiz artıb.

Rayonun iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 327,5  milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 11,0 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 97.1 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çox olub.

9 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 6 milyard 310.2 milyon manat və ya 1,9 faiz çox olub, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 4 milyard 462.9  milyon manat olub. 

9 ayda rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 689.3 milyon manat məbləğində  və ya 46.3 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən isə 219.4 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 5.4  faiz çoxdur. 

2017-ci ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114593 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1478  manat olub ki, bu da keçən illə müqayisədə 12.2 % çoxdur.

9 ay ərzində Səbail rayonunda 3038 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.10.2017-ci il tarixinə kimi 54383-ü daimi olmaqla 57851 yeni iş yerləri açılıb.

Qeyd olunub ki, rayonda yeni “İnterkontinental” və “Dinamo” mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin və Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçası sökülərək yenidən tikilib və ilin sonunda bağça istifadəyə veriləcək. 

Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsində 2 ədəd iri tutumlu su anbarının tikintisi bitib, qəsəbənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.

İyunun 20-də Prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonunda jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçirilib və mərasimdən sonra Prezident jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyub.

Ölkə başçısının tapşırığına əsasən may ayından etibarən RİH tərəfindən 162 -li orta məktəbdə və Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsindəki 239 -li orta məktəbin köhnə binasında əsaslı təmir-yenidənqurma işləri aparılıb. Sentyabrın 11-də Prezident İlham Əliyev hər iki məktəbdə olub, məktəblərin binalarında yaradılan şəraitdən razı qaldığını bildirib.

Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 12-dən çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviç küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Daha bir neçə ünvanda yeni bina tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.  

RİH tərəfindən Bibiheybət qəsəbəsində “Şıx” ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 80 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə 5 minə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilib, yaşıllaşdırma işləri görülüb.

Ölkə başçısının xeyir-duası ilə RİH tərəfindən Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni orijinal İdman və istirahət parkı salınaraq burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Park istifadəyə verildikdən sonra gözəl bir məkana çevrilən ərazi sakinlərimizin sevimli toplantı yerinə çevriləcək.

RİH-nin “Abad məhəllə” layihəsinin davamı olaraq rayonun Abbasqulu Abbaszadə küçəsində yerləşən həyətin əsaslı təmir olunması və burada növbəti “Abad məhəllənin” yaradılması ilə bağlı yeni layihə hazırlanıb və yaxın vaxtlarda bu layihə həyata keçiriləcək.

Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, RİH-nin təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilib, klassik musiqi konsertləri, rəsm sərgiləri, çoxsaylı iməciliklər, orta məktəblərdə tarix konfransları, yeniyetmələrin yay istirahətlərinin təşkili ilə bağlı tədbirlər keçirilib.

Yığıncaqda çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsi, qanunsuz tikintilərin qarşısının qətiyyətlə alınması,   yeniyetmələrin asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, yeni yaşıllıq sahələrinin yaradılması və əvvəl əkilən ağaclara qulluq göstərilməsi, rayon ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, mövcud MTK-lərdə xidmət haqlarının məbləğinin müəyyənləşdirilməsi, rayonda yaradılan xostellərin fəaliyyəti və s. məsələlərə toxundular, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

17.10.2017 14:30 / Baxılıb: 160 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo