Bakıda İtalyan dili həftəsinin açılışı olub

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində “İtalyan dili həftəsi”nin açılışı olub.

Azadinform xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxış edərək ölkəsinin zəngin mədəniyyətindən və dil həftəsinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, “İtalyan dili həftəsi” dünyada hər il oktyabr ayında italyan dilini təşviq etmək məqsədilə təşkil edilir və bu dil dünyada ən çox öyrənilən 4-cü didir. Builki “İtalyan dili həftəsi” kino sahəsinə həsr edilib.

Sonra gecədə Oskar mükafatı almış italyan filmlərindən musiqilər səslənib. Layihənin müəllifləri italyan filmlərindəki mahnıları caz üslubunda simli kvartetə köçürən bəstəkarlar Stefano Muskaritolo və Kəmalə Əlizadədir.

Gecədə Günel Kazımovanın fortepianoda müşayiəti ilə Əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədov (truba) məşhur italyan bəstəkarları Ennio Morricone, Henry Mancini, Nino Rota və digərlərinin əsərlərini səsləndiriblər.

Qeyd edək ki, “İtalyan dili həftəsi” müasir mədəniyyət və incəsənət dili olan italyan dilinin təbliğinə yönəldilmiş beynəlxalq bir layihədir. Bu tədbir 2001-ci ildən hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.

16.10.2017 21:53 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo