Manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir Şərh

Samir Soltanov/AZADİNFORM. ““Sentyabrın 25-də bir barelinin qiyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyər itirsə də oktyabrın 9-dan etibarən cüzi olsa da bahalaşa bilib. Bununla belə, hal-hazırda hər barelinə 58 dollara yaxın pul ödənilən Brent markalı neftin gələcək qiyməti heç də nikbin görünmür”.

Azadinform xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtomobillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir: ““Amazon effekti” adlandırılan texnoloji yeniliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır. Xüsusilə də, Çinin elektrik avtomobillərin (EVs) istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Bununla belə, bu proqnozlar növbəti dekada üçündür. Hələlik isə neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur”.

Manatın kursuna münasibət bildirən iqtisadçı-alim qeyd edib ki, sentyabr ayında dollara tələb yüksək olmadı: “Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması əslində gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabr ayında Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satdı. Qeyd edim ki, avqust ayında keçirilən valyuta hərraclarında fond 292,6 mln. dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib. Bununla belə, dekabr ayında dollara tələbin yenidən artacağı gözlənilir. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

16.10.2017 11:05 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo