Sahibkarlara 97 milyon manatadək güzəştli kredit verilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Daşkəsəndə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) növbəti işgüzar forum keçirib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, SKMF tərəfindən rayonun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. Forumda SKMF-nın icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1326 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 97 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4000-dək yeni iş yerinin açılmasına imkan yaradır. İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 423 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, üzümçülük, tərəvəzçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 40-dək yeni iş yerinin açılması mümkün olacaq.

13.10.2017 17:47 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo