Nazir: 5 rayonda 2,5 min nəfərə yaxın işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub

Samir Soltanov/AZADİNFORM. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda həmin rayonun və Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, münasib iş yeri ilə təmin olunmağa və özünüməşğulluq fəaliyyətinin qurulmasına köməklik göstərilməsi, əlilliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri və s.) bağlı müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. 

S.Müslümov vətəndaşlarla görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında aparılan islahatların ölkədə müasir əsaslar üzərində şəffaf və etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaratdığını, bütün sosial proqramların davam etdirildiyini vurğulayıb. Regional inkişaf proqramlarının Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının həyatında da yeni inkişaf mərhələsi açdığını qeyd edən nazir bölgədə elektrik enerjisi ilə təminatın, qazlaşdırmanın, müasir standartlara uyğun səhiyyə və təhsil ocaqlarının, Olimpiya İdman Komplekslərinin, yeni yolların tikintisinin, içməli su layihələrinin uğurla həyata keçirildiyini bildirib: “Ötən həftə cənab Prezidentin Qobustan və Şamaxı rayonlarına səfəri hər iki rayonda təmiz içməli su ilə təminat, yeni və rahat yolların, o cümlədən Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında yeni avtomobil yolu əlaqəsi yaradan 53 kilometrlik Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun istifadəyə verilməsi və s. kimi bölgənin sosial-iqtisadi inkişafına xidmət edən növbəti əlamətdar tədbirlərlə yadda qaldı”. 

Aqrar inkişaf proqramlarının bu regionu də əhatə etdiyini vurğulayan S.Müslümov diqqətə çatdırıb ki, bölgədəki iqtisadi proseslər yeni müəssisələrin, əmək tutumlu sahələrin yaradılmasına, işgüzar fəallığın yüksəlməsinə, mövcud əmək ehtiyatlarının məşğulluğuna geniş şərait yaradıb: “Ölkə üzrə yaradılmış 37 aqroparkın 3-ü məhz Şamaxı rayonunda fəaliyyət göstərir. Bölgədə ənənəvi kənd təsərrüfatı sahələrində (pambıqçılıq, üzümçülük, baramaçılıq, çəltikçilik, arıçılıq, tütünçülük, heyvandarlıq və s.) inkişaf dinamikası ildən-ildən güclənir. Məsələn, bu ilki mövsümdə Ağsuda 2500 hektarda pambıq yetişdirilib ki, bu göstərici ötən ildəkindən iki dəfə çoxdur. Kartofçuluq Ağsuda qeyri-ənənəvi sahə olsa da, bu il rayonda kartof əkini sahələri 168 hektara çatdırılıb və həmin sahələrdən ötən ildəkindən daha çox məhsul götürülüb. Yaxud Şamaxıda üzümçülük sürətlə bərpa olunur və həmin rayonda üzüm bağlarının sahəsi artıq 1650 hektara çatdırılıb. Qobustan, İsmayıllı, Göyçay rayonlarında da ənənəvi aqrar sektorlar inkişaf etdirilir. Eləcə də bu bölgədəki qədim mədəniyyət abidələri, gözəl təbiət turizm infrastrukturunun inkişafına imkan verib”. 

Qəbul zamanı sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, bərpa müalicəsinə ehtiyac duyan şəxslər nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilmələri üçün qeydiyyata alınıb. Müraciətlərinə əsasən, ayrı-ayrı şəxslərə münasib iş yeri ilə təmin olunmaları üçün vakant iş yerlərinə göndərişlər verilib, bir sıra işsiz və işaxtaran vətəndaşların mövcud potensialları əsas götürülməklə özünüməşğulluq proqramına cəlb olunmaları qərara alınıb. 

S.Müslümov bidirib ki, cari ilin 9 ayında məşğulluq orqanlarının xətti ilə bu 5 rayonda 2,5 min nəfərə yaxın işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, həmin dövrdə nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzində Göyçay və ətraf rayonlardan olan 600 nəfərə qədər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Son illərdə Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, ayrı-ayrı peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artırılıb, Mərkəz lazımi texniki və tədris vəsaitləri ilə təmin edilib: “Özünməşğulluq proqramı çərçivəsində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında da 61 nəfərə özünüməşğulluq fəaliyyətini təşkil etmələri və kiçik ailə biznesini qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Bu proqramdan əvvəlki dövrdə isə iki pilot layihə üzrə Şamaxı və Göyçay rayonlarında 32 nəfərin özünüməşğulluğu təmin olunmuşdu. Gələn ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə imkanları hesabına bütün respublikada olduğu kimi, bu bölgədə də özünüməşğulluq proqramına cəlb edilənlərin sayı dəfələrlə artacaq”. 

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası çərçivəsində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında 11 fərdi ev inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib: “Bu rayonlarda daha 15 fərdi ev də tikilir, onlardan 7 evin inşası yaxın günlərdə yekunlaşacaq və istifadəyə veriləcək. Hazırda Şamaxı rayonunda qeyd olunan təbəqələrə aid vətəndaşlar üçün 36 mənzilli yaşayış binasının inşası da yekunlaşır”. 

Vətəndaşlar ölkədə sosial rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə aparılan ardıcıl işlərə, respublikanın regionlarında, o cümlədən Dağlıq Şirvan iqtisadi rayonunda mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. 

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

13.10.2017 13:28 / Baxılıb: 57 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo