Atif Eyvazov/AZADİNFORM. Bu gün Daxili İşlər Nazirliyində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb.
Bildirilib ki, qeydə alınan 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin 83 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 246, o cümlədən 51 ağır və xüsusilə ağır, habelə görülmüş təxirəsalınmaz və çevik tədbirlərlə 932 cinayət “isti izlərlə” açılıb.
Nazir deyib ki, təkcə “102” xidmətinə daxil olan məlumatlar əsasında 2500-ə yaxın hüquqazidd əməlin qarşısı alınıb, 1609 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" sisteminin texniki imkanları sayəsində 34 cinayət açılıb, 4493 yol-nəqliyyat qəzası, yol hərəkəti qaydaları əleyhinə olan 20 minə yaxın inzibati xəta, piyadaların vurulması ilə nəticələnən 118 hadisə müəyyən edilib, axtarışda olan 97 avtomobil aşkarlanıb saxlanılıb.
Müxtəlif cinayət törədən 13.792 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Eyni zamanda, yerli və dövlətlərarası axtarışda olan 2173 şəxs həbs edilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən edilib. Əllərdə saxlanılan 1037 odlu silah və 32 mindən çox patron götürülüb, qanunsuz olaraq odlu silah saxlama və daşıma cinayətlərinə görə 95 nəfər məsuliyyətə cəlb olunub. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 38 saxta pul hazırlama və satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 500 min manatdan çox olan 5235 ədəd saxta əskinas çıxarılıb.
Nazir qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə çıxarıldığını, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 367 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini nəzərə çatdırıb. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 69 cinayət faktının aşkarlanaraq 20 nəfərin məsuliyyətə cəlb edildiyini, 16 nəfərdən ibarət 7 cinayətkar qrupun zərərsizləşdirildiyini, bu əməllərin qurbanı olmuş 28 şəxsin müəyyən olunaraq cəmiyyətə reinteqrasiyasının təmin edildiyini bildirib. 2010-cu illə müqayisədə istintaqı aparılan cinayət işlərinin sayı 11,7 faiz artıb, onların 49,3 faizinin icraatı tamamlanıb ittiham aktı ilə məhkəmələrə göndərilib. Cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş maddi ziyanın 73,7 faizi ödətdirilib ki, bu da müqayisə edilən dövrə nisbətdə 8,8 faiz çoxdur.
İlkin qeydiyyata 73.337 avtomobil alınmaqla ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayı bir milyonu keçib. Respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 6,2 faiz, qəzalarda ölənlərin sayının 9,8 faiz, yaralananların sayının 5,6 faiz artdığını bildirən nazir dövlət yol polisi əməkdaşlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 2010-cu illə müqayisədə 25 faiz çox, yəni 5 minə yaxın vətəndaş qəbul olunub, qaldırılan bütün məsələlər nəzarətə götürülərək əksəriyyəti yerində müsbət həll edilib, təşəbbüskarlara yazılı cavablar verilib, hüquqları izah edilib. 2010-cu illə müqayisədə ümumi şikayətlərin içində polis əməkdaşları barədə olanların sayı 25,6, həmçinin əsassız saxlamalar 31,6, polisə əsassız gətirmələr 45,6 və əsassız cinayət məsuliyyətinə cəlb etmələr 60 faiz azalıb, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə kimi hallar qeydə alınmayıb.