Prezident: "Azərbaycan diskussiyalar üçün məkana çevrilir"

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan özünü humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi tanıdıb.

Azadinform xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Yenidən Rusiyada, Soçidə olmağıma şadam. Əvvəlcə demək istərdim ki, Azərbaycan ənənəvi olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir, bu təşkilatın fəal üzvüdür və əmindir ki, MDB-nin böyük gələcəyi var. Bu məkan bizə müntəzəm surətdə fikir mübadiləsi aparmaq imkanı verir.

Mən çıxışımda əsasən humanitar xarakterli məsələlərə toxunmaq istərdim. Azərbaycan beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynayır. Bizim ölkədə müntəzəm surətdə beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. Onların arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istərdim. Deyə bilərəm ki, bu Forum müəyyən mənada nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilib".

İlham Əliyev əlavə edib ki, Azərbaycanda həm də mütəmadi olaraq Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir: "Bu Forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm, konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Həmçinin ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz artıq özünü humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi tanıdıb.

Bizim indiyə qədər keçirdiyimiz və keçirməkdə olduğumuz idman tədbirlərini, xüsusən 2015-ci ildə Birinci Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da bu məsələlərə aid etmək olar. İştirakçı ölkələrin ümumi sayı 100-dən çox idi. Bu Oyunlar həm də mədəniyyətlərarası, konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir".

Prezident bildirib ki, turizm ilə bağlı məsələlər xüsusən valyuta mədaxilləri müəyyən dərəcədə azalmış ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir: "Bunlar neft-qaz resurslarına malik olan ölkələrdir. Mən deyərdim ki, turizm ixracın vacib istiqamətidir və burada, bizim bu məkanda turizmin inkişafı, müəyyən birgə turizm marşrutları məsələlərinin müzakirəsi də çox böyük əhəmiyyət kəsb edir.

12.10.2017 14:05 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo