Azərbaycan şair və yazıçılarının özbək dilində çap edilmiş kitablarının təqdimat mərasimi keçirilib

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimat mərasimi keçirilib.

Azadinform xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatı Nizami Cəfərov, yazıçı Sabir Rüstəmxanlı, Özbəkistanın tanınmış yazıçı-publisisti Şöhrət Salamov, KİV nümayəndələri iştirak edib. İlk olaraq çıxış edən Nizami Cəfərov qeyd edib ki, Özbəkistanın “Johan adabiyyati” jurnalında Azərbaycanla bağlı materiallar dərc edilir. O bildirib ki,  professor Əli Həsənovun “Geosiyasət” kitabı, Anarın, Sabir Rüstəmxanlının, Elçinin və digər şəxslərin əsərlərinin özbək dilinə tərcümə edilərək çap edilməsi müsbət haldır. N. Cəfərov həmçinin vurğulayıb ki, Hüseyn Cavid, Cəlil Məmmədquluzadənin də əsərləri özbək dilində çap ediləcək: “Əsərlərin türk dillərinə tərcümə edilməsinin böyük əhəmiyyəti var. Özbəkistan türk dünyasını böyük mədəniyyət mərkəzlərindən biridir. Özbəkistan mühitində Azərbaycanla əlaqələrin yaradılması təqdirəlayiqdir”.

Daha sonra çıxış edən Sabir Rüstəmxanlı isə bildirib ki, Özbəkistan-Azərbaycan ədəbi əlaqələri müəyyən insanların fəaliyyəti əsasında davam edir. Onun sözlərinə görə, Şöhrət Salamov, Ramiz Əskərov əsərlərin türk dünyasının oxucularına çatdırılmasında mühüm rol oynayıb: “Bu insanlar olmasaydı, ədəbi əlaqələr də olmazdı. Lakin hesab edirəm ki, Özbəkistan-Azərbaycan əlaqələrindəki yaxınlıq bundan da yaxşı olmalıdır”. Xalq yazıçısı əlavə edib ki, Özbəkistanda Azərbaycana böyük maraq var. Orada Füzulini sevirlər. İki ölkə arasında məsafələrin böyük olmasına baxmayaraq, bu sevgi  mövcuddur. Qulu Kəngərli bu sevgini artıran şəxsiyyətdir”. 

Qeyd edək ki, tədbir mövzu ilə bağlı çıxışlarla davam etdirilib.

12.10.2017 13:15 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo