Övladlarının birini böyüdən, digərini isə kiçildən valideynlər

Uşaqlar həyatımızın ən dəyərli varlıqlarıdır. Onlar insanın həyata baxışını dəyişən və ailəyə mehribanlıq bəxş edən nemətlərdir. Uşaqlar ailəni bir-birinə daha da möhkəmlədən qopmaz bağdır. Onların hər görünüşləri gözəldir. Uşaqlar həm də Allahın valideynlərə olan lütfüdür.

Övladın pisi, yaxşısı olmadığı kimi cinsi fərqliliyi də olmamalıdır. Amma təəssüflər olsun ki, dövrümüzdə övladlar arasında fərq qoyan ailələrə tez-tez rast gəlirik. Bir övladın digərindən daha çox sevilməsi, əzizlənməsi hər birimizə tanış mövzudur. Ailənin ilk övladı öncəliklə sevilir. İkinci övlad dünyaya gəldikdən sonra böyük övlada olan sevgi hissi sanki azalır. Valideynlər ilk övlada əvvəlki sevgini göstərmirlər. Bu, tək bacı ilə qardaş arasında qoyulan fərq deyil. Bura iki qardaş və iki bacı arasında qoyulan fərqlər də daxildir. “Sən böyüksən, sən balacanın hərəkətindən keçməlisən, o, hələ balacadır, dərk etmir”, - deyə uşaqlardan birini o birindən fərqləndirirlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu cür hallar uşaqların psixologiyasına mənfi təsir göstərir.

Övlad ayrı-seçkiliyi qəribə görsənsə də, ailələr daha çox oğlan uşaqlarının doğulmasına üstünlük verir. Bu qız uşaqlarının tələf edilməsi, doğumundan sonra öldürülməsi, küçələrə atılması kimi günlük xəbərlərdə də özünü nümayiş etdirir. Amma qız uşağına da üstünlük verən ailələr var. Buna səbəb kimi, yaşlananda onlara daha çox qayğı göstərənin qız övladı olduğunu əsas gətirirlər.

Bəs görəsən valideynlərin uşaqlar arasında yaxşı və pis və yaxud da cins üzrə fərqliliyin qoyulmasına səbəb nədir?

Mövzu ilə bağlı Azadinform-a açıqlama verən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycan da daxil olmaqla dünyanın hər yerində ailədə oğlanlara üstünlük verilib. Onun sözlərinə görə, tarixi dövrlərdən asılı olaraq, qədim zamanlardan oğlanların böyüyüb başa çatdıqdan sonra ailəyə həm mənəvi, həm də maddi cəhətdən kömək göstərdiyi üçün üstünlük verilir. Sosioloq qeyd edib ki, qızla oğlan arasında fərqin qoyulmasının səbəblərindən biri ətraf mühitin korlanmasıdır. “Valideynlər fikirləşirlər ki, gələcəkdə qız uşaqları ilə bağlı problemlər daha çox olar. İndiki mühitdə valideynlər üçün qız uşaqlarını böyüdüb başa çatdırmaq mənəvi cəhətdən çətin olur”, – deyə Ə.Qəşəmoğlu əlavə edib.

“Övladlar arasında qoyulan fərq onlara psixoloji cəhətdən necə təsir göstərir?” sualına cavab olaraq psixoloq Elnur Rüstəmov bildirib ki, adət-ənənələrimiz, şifahi xalq ədəbiyyatı, el deyimləri insanının həyata baxışını müəyyən dərəcədə təsir göstərir: “Qədim zamanlarda nəslin davamçısı oğlan təyin edilib. Çox qız olan ailə sonsuz adlandırılıb. Hətta oğlan dünyaya gətirilmədiyinə görə boşanmalara da rast gəlinib”. Keçmiş zamanla indiki dövrü müqayisə edən E. Rüstəmov artıq gender bərabərliyinin yarandığını, kişi və qadın hüquqlarının bərabərləşdiyini bildirib. Onun fikrincə, artıq qadınların sosial və ictimai həyatda rolu insanlarımızda bu düşüncələrinə qarşı yeni yanaşmanı ortaya qoyur. “Artıq ailələrdə əvvəlki dövrlərdəki kimi, “qız uşağı var, oğlan uşağı yoxdur” deyə düşüncə  yoxdur. Çünki indiki dövrdə qızlar da oğlanlar qədər ailəyə lazımdırlar”, – deyə E. Rüstəmov qeyd edib.

Göründüyü kimi, insanlar arasında fərq yalnız onların imanına görə olmalıdır, insan övladı əsla unutmamalıdır ki, Allah onu öz seçimi olmadan sevərək, istəyərək yaradıb.


Eşqin NURUŞOV

12.10.2017 12:53 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo