ƏƏSMN 70,6 min nəfər şəxsi peşəyönümü tədbirlərə cəlb edib

Eşqin Nuruşov/AZADİNFORM. Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 70,6 min nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə cəlb edilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətli peşələrə yiyələnmələri üçün Dövlət Məşğulluq Xidməti tərəfindən hesabat dövründə 2 698 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda  inşaat rəngsazı, əməliyyatçı mühasib, dülgər-xarrat, elektrik-qaz qaynaqçısı, kompyuter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Bir çox peşələrin tədrisi modul tədris proqramları əsasında həyata keçirilib ki, bu da onların daha asan və optimal şəkildə öyrədilməsinə imkan verib.  

Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə yanvar-sentyabr aylarında 215 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub. Peşə təlimində olduqları müddətdə həmin gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı, eləcə də cəmiyyətə fəal inteqrasiya olunmalarının  dəstəklənməsi üçün müxtəlif formalarda tədbirlər həyata keçirilib.

Cari ilin 9 ayında gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara istiqamətləndirilməsi məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Böyük əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət  67 706 nəfər gəncin iştirakı ilə keçən tədbirlərdə onlara  əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, aktiv məşğulluq tədbirləri və s. barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

12.10.2017 11:20 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo