İki ay əvvəl törədilən quldurluğun üstü açılıb

AZADİNFORM. Bu il avqustun 23-də Kürdəmirdə törədilən cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a bildirilib ki, həmin gecə saat 03.00 radələrində 2 maskalı şəxsin Yenikənd kəndindəki mənzillərdən birinə girərək ev sahibəsini döydüyü və oradan 5500 manat, 9200 ABŞ dolları və 20000 manat dəyərində qızıl əşyalar aparması məlum olub.  

Baş Cinayət Axtarışı İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə  şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Səfail Yunusov saxlanılıb. Baxış zamanı onun yaşadığı evin həyətindəki ağacın altında bankada basdırdığı oğurluq qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. S. Yunusov cinayəti tamah məqsədi ilə törətdiyini etiraf edib. 

İlkin təhqiqat zamanı onun quldurluq hadisəsini həmyerlisi Rahim Mirzəyevlə birgə törətdiyi, oğurladıqları pulları və qızıl-zinət əşyalarını isə aralarında böldükləri müəyyənləşib. Məlum olub ki, R. Mirzəyev əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkumluq həyatı yaşayıb. Bu il martın 22-də Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovu qətlə yetirdiyinə görə avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində aşkar edilərək maddi sübut kimi götürülüb.

R. Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub və  məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. R. Mirzəyev həm də quldurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. S. Yunusov həmin cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

11.10.2017 21:18 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo