Qeyri-neft ixracından əldə olunan ilkin nəticələr uğurludur Ekspert

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafından da danışıb. Prezident İlham Əliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir: “Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir”. 

Məsələ ilə bağlı Azadinform-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, ölkənin postneft dövrünə gözlənildiyindən daha tez daxil olması səbəbindən iqtisadiyyatın yeni ixrac imkanlarının araşdırılması və bu sahədə mövcud potensialdan tam istifadə edilməsi məqsədilə birincisi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və ixrac missiyalarının təşkili olmaqla, ikincisi, “azexport.az” internet portalının yaradılması, üçüncüsü isə ölkənin xaricdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təsis və təyin edilməsi ilə çox böyük işlər görülüb və mühüm addımlar atılmağa başlanıb: “Azərbaycanın çox böyük ixrac potensialı var, sadəcə, bunu reallaşdırmaq lazımdır. Sevindirici haldır ki, bu sahədə əldə olunan ilkin nəticələr də uğurludur.  Yeri gəlmişkən, ölkədə istehsal olunan qeyri-neft məhsulları ixracını həm kəmiyyət, həm də çeşid baxımından genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər keçən ildən etibarən sürətləndirilib. Belə ki, Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm dövlət sənədlərinin imzalanması ilə hökumətə verilən müvafiq tapşırıqlar sayəsində stimullaşdırıcı tədbirlər dövlət siyasətinə çevrildi. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqda 2016-cı ilin yanvarın 18-də imzalanan sərəncamda hökumətə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəniş dəstəyi vermək, xarici ölkələrə ixrac missiyaları təşkil etmək, xarici bazarları araşdırmaq və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendini xarici bazarlarda təşviq etmək, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqramına və layihələrə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinə dair mexanizmlər hazırlamaq haqda göstərişlərin verilməsi misal göstərilməlidir”. 

P. Heydərovun sözlərinə görə, 2016-cı il martın 1-də isə qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqda sənəd də imzalandı: “Bu sənədlə isə 2016-2020-ci illər ərzində Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul şəxslərə dövlət büdcəsindən xüsusi ixrac təşviqi rüsumunun ödənilməsi qaydası müəyyən edildi. Və nəticə göz qabağındadır: tərəvəz ixracı 68%, o cümlədən pomidor 60% artıb. Ən çox gəlir gətirən sahə isə pomidor ixracıdır. Yanvar-avqust aylarında bu, ölkəyə 128 milyon dollar gətirib və 59% artım var. Kartof 63, salat tərəvəzi 20%, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12% artıb. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı 4 dəfə artıb. Spirtli və spirtsiz içkilər 28, onun içərisində şərab 56% artıb. Meyvə-tərəvəz emalı məhsulları 50, tütün məmulatları 45, çay 63 %, bitki və heyvan mənşəli yağlar 19, şokolad 65 % artıb”. 

Ekspert vurğulayıb ki, sənaye məhsulları ixracı da artıb: “Qızıl 56 %, elektrik enerjisi 4,1 dəfə, alüminium 28, kimya sənayesi məhsulları 25, plastiklər 14, mis-filiz konsentratları 94, avadanlıqlar, mexaniki qurğular 48, mis və ondan hazırlanan məmulatlar 54, toxuculuq məmulatları 92 % artıb”.

10.10.2017 16:50 / Baxılıb: 262 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.12.2017
17.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo