Qalstuk informasiya ötürür - Yavər Məmmədov

Yanğına dimdiyində su daşıyan qaranquşa deyiblər, sənin apardığın su kimə, nəyə çatacaq? Olsun, demiş, heç olmasa yolum bəllidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər birimizin boynunun borcudur. Biz bizi sevməsək, qorumasaq Qələbəyə gedən o yol daha da uzanacaq.

 

Müsahibimin rolu isə daha böyükdür. Məşhur italyan brendini Azərbaycana gətirməklə qalmayıb, dərdlərimizin, həm də dəyərlərimizin dünyaya çıxarılmasında düz dörd ildir yorulmadan çalışıb. İşə də yaylıqdan, qalstukdan başlayıb. Dünyanın hər hansı bir yerində qarşınıza üstündə Qarabağ ornamenti olan qalstuk, Xurşidbanu Natavanın rəsmi olan baş örtüyü çıxsa bilin ki, orda Yavər Məmmədov imzası var. Bu gün onun əməyinin, zəhmətinin bəhrəsi olan  “Andrew`s Ties” Bakı butikinin dörd yaşı tamam olur. Yavər bəy deyir ki:

 

- Nə iş görürsən gör, nə pul qazanırsan qazan, orda milli ruh, Azərbaycanın tanıtımı, dövlət üçün dövlətçilik üçün və ölkəmizin haqq-ədalət səsinin dünyaya çatdırılması üçün əlindən gələni eləməlisən!”

 

-Yavər bəy, sizi təbrik edirik.  

 

- Təşəkkür edirəm, minnətdaram diqqətinizə görə. Azərbaycanda qalstuk mədəniyyətinin formalaşdırılmasında bir İtalyan brendi olan “Andrew`s Ties” Bakı butikinin çox böyük zəhməti var. Çünki bu butik açılana qədər insanlar yaxşı məhsul əldə etmək üçün konkret ünvan tanımırdılar, bu da vaxt itkisinə səbəb olurdu.

 

- İtaliya ilə sizi nə bağlayır?

 

-2001-ci ildən bəri dəfələrlə İtaliyada olmuşam, tədbirlərdə iştirak etmişəm, hətta orada dərs demişəm, elə həmin ilin mart ayının 20-də bu brendlə ilk tanışlığım olub. Məni tanıyanlar qalstuka böyük bir həvəsimin və marağımın olduğunu yaxşı bilir.  2010-cu ildə italyanlar mənə bakıda butik açmağı təklif elədi. Sözün açığı, o qalstuklarla tanış olandan sonra Bakıda belə bir dükanın olmasını çox istəmişdim, amma maliyyə imkanlarım buna imkan vermirdi, Bakıda belə bir yeri icarəyə götürmək də çətin məsələ idi. 2013-cü ildə nəhayət bu işi reallaşdırdım. 2013-cü il oktyabr ayının 10-da İtaliya səfirliyi və yaxın dostlarımın iştirakı ilə butikin açılışını etdik. Dörd ildir fəaliyyət göstəririk. Pərakəndə ticarət mənim üslubum deyil. Daxilimdə olan yaradıcılıq, həvəs məni bir növ yeni bir işə sövq elədi.

 

- Bəs niyə məhz qalstuk?

 

- İnformasiya ötürür. İnsanın boynundan qarşısındakının diqqətini və marağını cəlb edə bilir. İlk dəfə görəndə naxışları gözə çarpır, təəssürat yaradır. Bu işə başlayanda fikirləşdim ki, niyə bizim məhsulların üzərində əcnəbi simvollar olsun? Elə yaxşısı budur, öz naxışlarımızdan istifadə edək. Bu niyyətlə də cənab nazir Əbülfəs bəyə bir məktub yazdım. Minnətdarlıqla deməliyəm, məni yüksək səviyyədə  qəbul etdi, müzakirələr apardıq və beləcə Azərbaycanda ilk dəfə xalça ornamentlərimiz ilə işlənən iki qalstuk ərsəyə gəldi. Qarabağın XIX əsr kilimi və xalçası.

 

- Yavər bəy, markanın adı da milli ola bilməzdimi? Yoxsa bunun üçün imkanlar yetərli deyildi?

 

- İtaliya brendidir. Azərbaycanda françayzinq əsasında fəaliyyət göstərir. Brendin yaradıcısı mənim də yaxından tanıdığım italyan Andredir. İnsanlar bir brendin adını formalaşdıranda çalışırlar ki, o dünyada yaxşı səslənsin. Və italyanlar da italyan adlarından bezdikləri, markanı beynəlxalq müstəviyə qaldıracaqlarını bildikləri üçün  bu brendin adını məhz ingilis dilində qoyublar. Baxmayaraq ki, italyan markalarının çoxu italyan adlarını daşıyır, sadəcə olaraq onlar belə düşünüblər. Brendin adı da belə qeydiyyatdan keçib, beynəlxalq səviyyədə qorunur. Biz sadəcə olaraq Azərbaycanda onun nümayəndəliyini açmışıq, o brend bizim üçün milli qalstuklar hazırlayır, istədiyimiz adı da onun yarlığında yerləşdirməyə imkan yaradıb. Məsələn, Qarabağ atı, Qobustan, İrəvan xanlığı. Brend, öz ölkəsinin tarixi və mədəniyyətini təbliğ edən məhsulların istehsal edilməsini yüksək qiymətləndirdiyini və belə sifarişləri növbədənkənar istehsal etdiyini, belə müştərisinin olmağından qürur duyduğunu deyir.  Çünki o alış-veriş məqsədi deyil, ölkənin mədəniyyətinə və tarixinə xidmət edir. Nazirliyin dəstəyi ilə müəyyən layihələrimiz oldu. Azərbaycanda Qarabağ və Xarı bülbül mövzusunda konsepsiyası və ideyası mənə məxsus olan qalstukların hazırlanmasını sifariş verdim italyanlara. Dizayn italyan qalstuk ustaları tərəfindən verilib. Bu bir ilk idi və beləcə yüksək mədəniyyətin nümunəsi ortaya çıxdı. Ardınca Qobustan, Azərbaycan narı, Xarı bülbül yaylığı, Xurşidbanu Natavana həsr olunan Banu yaylığı və Xarı bülbülün bir neçə versiyasını satışa çıxardıq. Hazırda İrəvan xanlığına həsr olunan qalstuk üzərində çalışırıq.

 

- İrəvan həm də bizim yaralı yerimizdir…

 

- Biz qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycanın tarixini, mədəniyyətini, milli naxış və ornamentlərini yüksək səviyyədə təbliğ etmək üçün bu üsuldan istifadə edək. Artıq xalça qalstukların İtaliyada pərakəndə, eyni zamanda da topdan satışı başlayıb və Azərbaycanın xalçaları deyə təqdim olunur, bu, mənim üçün qürurvericidir. Cənab nazirə ideyamı həyata keçirməkdə dəstək olduğuna görə minnətdarlığımı bildirirəm. Bu, mənə uğur gətirdi. Bizim butikin sadəcə alış-veriş məkanı deyil, həm də sənət ocağına çevrilməsinə şərait yaratdı.

 

- Qarabağ atları...

 

-Bilirsiniz ki, cənab prezidentin şəxsi nəzarətində olan bir milli məsələ var. Milli at cinsi olan Qarabağ atlarının çoxaldılması, tanıdılması və təbliği. Bu məsələ mənim də diqqətimdən kənarda qala bilməzdi. Məhz buna görə də gündəmə gətirmişəm. O qalstuk italyanlar tərəfindən xüsusi diqqətlə hazırlanıb, Stamperiya şirkətində istehsal olunan qutusu üçün İtaliyadan xüsusi at dərisinin replikası gətirilib.  Qutunun ağzında Qarabağın sonuncu xanı Mehdiqulu xanın atının damğası var. İçərisində qalstukun pasportu, məlumat vərəqi o vərəqdə də Qarabağ atları haqqında həm ingilis, həm Azərbaycan dillərində geniş məlumat var. Biz xalqımız üçün çalışırıq, mədəniyyətimiz üçün çalışırıq. İstəyirik nəyimiz varsa bütün dünya tanısın, bunun üçün müxtəlif vasitələr, o cümlədən də bir qalstuk var. O qalstuk bizim bir diplomatımızı, bir səfirimizi əvəz edə bilər. Dünyaya Azərbaycanın haqq sözünü çatdıra bilər. Danılmaz faktdır ki, mən bu işə başlayandan sonra bu işin müsbət tərəflərini çox görmüşəm. Azərbaycanın tanınmış şirkətləri, iş adamları, nazirliklər alıb hədiyyə kimi xaricə aparırlar və dolğun informasiya, təbliğat xarakterləri hədiyyə olduğu üçün də yüksək səviyyədə qiymətləndirilib.

 

- Planlarınızdan danışaq, növbədə hansı bölgələrdən ornamentlər olacaq?

 

- İrəvan xanlığını gətirəndən sonra Allah qoysa Bakı, Naxçıvan və Azərbaycanın digər regionlarının da milli naxış və ornamentlərini qalstuk üzərindən keçirmək istəyirik.

 

- Bu təbliğ bir mənəviyyat məsələsidir, bəs maddi  anlamda qazancınız nədir?

 

- Əlbəttə arxasında bir biznes marağı dayanır, çünki bu iş gəlirli olmalıdır. Əks halda dayanıqlı fəaliyyətdən, biznesdən, səmərəlilikdən, eləcə də yeni arayışlardan söhbət gedə bilməz. Ancaq nə iş görürsən gör, nə pul qazanırsan qazan, orda milli ruh, Azərbaycanın tanıtımı, dövlət üçün dövlətçilik üçün və ölkəmizin haqq-ədalət səsinin dünyaya çatdırılması üçün əlindən gələni eləməlisən! Siz bilirsiniz ki, mənim qalstuklarımın içərisində Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı faktlar ingilis və Azərbaycan dilində öz əksini tapıb. Bu, bir vətəndaşlıq borcudur.

 

Nigar İSFƏNDİYAR

10.10.2017 15:32 / Baxılıb: 489 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
11.12.2017
10.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo