Axı biz meymun deyilik...

   

 

Hər bir insan özünü ağıllı hesab edir. Bu təbii prosesdir. Heç kim özünə dəli demir və yaxud da kimsənin onun haqqında bu cür mənfi ifadələr işlətməsi ilə qətiyyən razılaşmır. Amma təvazökar insanlar və daha çox ağıllı olanlar bu barədə danışmaqdan ümumiyyətlə çəkinirlər. Çünki, onları ağılları idarə edir, bəzilərini isə hissləri…
Azərbaycan teleməkanı bərbad durumdadır. Bu virus ölkədə mövcud olan 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalının demək olar ki, hamısına keçib. Təbii ki, hamısı deyəndə ümumi mənzərə nəzərdə tutulur. Ancaq bəzi proqramlar da var ki, necə deyərlər, baxmağa dəyər.
Son illər efir məkanımızı izləyən hər bir ağlı başında olan tamaşaçı bunu açıq-aydın hiss edə və görə bilər. Gün ərzində efirə gedən təkrar xəbərlər, bayağı şou verilişləri, milli-mənəvi - ailə dəyərlərimizə təcavüz edən gic-gicə müəllif proqramları, milli mətbəximizə yad olan yemək-içmək “qonaqlıq”larını seyr etdikcə yazılı mətbuatın varlığına şükür edirsən.
Konkret televiziya adı çəkmək istəmirəm: nədən ki, hamısı bir gündədir, oxşar müəllif proqramlarına baxıb xəcalət çəkmək əvəzinə, yeni bir ideyanı gerçəkləşdirən “dahi”lər kimi ətrafa poz verirlər.  
Əlbəttə, mətbuat cəmiyyətin güzgüsüdür. Elektron media isə bu güzgünün daha böyük ölçüsüdür. Təəssüf ki, biz bu güzgüdə özümüzü görə bilmirik. Daha doğrusu özümüzü göstərmirlər. Bəlkə elə Allah eləməmişkən həqiqətən də millət olaraq bu qədər cılızlaşmışıq, mental dəyərlərimizdən uzaqlaşmışıq? 
Yazılı mətbuatdan fərqli olaraq, elektron media hər evə daxil ola bilir. Bu bir acı həqiqətdir ki, televiziyalarımız haqqında müsbət fikir söyləmək çox çətindir. İstər yaradıcı heyət, istər aparıcılar, istərsə də onları istiqamətləndirən başsız başbilənləri bu işi vicdanla yerinə yetirə bilmirlər. Baxmayaraq ki, vicdanlı, obyektiv, qərəzsiz olduqlarını iddia edirlər. 
Bizə xəbər deyil, dərd daşıyırlar, sosial problemlərimizi qabartmırlar, əksinə onları yaradırlar. Belə olan təqdirdə niyə bu güzgüyə baxmaq zorundayıq. Əlbəttə, kimsə bunu bizə məcbur etmir. Amma vətəndaş-tamaşaçı olaraq televiziyalara baxmaq istəyirik. Baxanda isə dəli oluruq, iyrənirik. Bəlkə də bu cür bəd düşünməyim kimlərinsə xoşuna gəlməyə bilər, onlara hörmətlə yanaşıram. Reallıq isə bəndənizin nə qədər haqlı olduğunu göstərir.  
Bəli, axı biz meymun deyilik. Bəs onda telemaqnatlar niyə bizi meymun yerinə qoyurlar?! 
Zaman yaxşı mənada artist, pis mənada isə təlxəklərin zamanıdır. Bunu müasir dünyamızda görməyən yoxdur. İnsanlar bir çox hallarda nəyinsə xatirinə özünü bərbad hala salır. Bəlkə də bu ona heç lazım da deyil, əlavə gəlir də gətirmir, amma danışmaq, boş yerə də olsa söz demək, daim gündəmdə qalmaq üçün özlərini insan cildindən belə çıxarmaqdan çəkinmirlər. Niyə belə edirlər? Görəsən onların qazancı nədir?
Müasir həyatda biz hər an bu həqiqətin şahid oluruq. Həyalı adamlar özlərindən böyüklərlə danışanda belə qızarır, həyadan pörtürlər. Amma tamahkar adamlar heç narahat da olmur, bütün istəklərini ifadə edir və istəyirlər. Lakin həyalılar əsəbdən qəzəblənirlər. Qəzəblənərkən insan ağlını demək olar ki, itirir. Elə bu zaman da böyük faciələr başlayır. Qəzəb (hirs) zamanı insan hər cür hadisə törədə bilər. Fəqət, hirsi soyuyandan sonra peşmançılıq çəkir. Sonrakı peşmançılıq isə heç bir fayda vermir.
Bəli, dağılmalı dünyadır. O dünyada ki, mənasız yerə çəpik çalan tamaşaçı var, bəzi gic-gicələrin oxuduğu mahnıları dinləyən gənclik var, bu dünya dağılsa, altı-üstünə çevrilsə yaxşıdır. Nədən ki, həmin o bəzi gic-gicələrin mahnılarını dinləyən gənclikdən bu məmləkət hansı faydanı götürəcək, onun ifasında müasir gəncliyimizdə Vətənə məhəbbət hissi necə formalaşacaq?  Bax, bu sual hamımızı düşündürməlidir. Ən azı ona görə ki, hər birimizin evində gənclik var və yaxud da sabahın gənclik statusunu alacaq fidanlarımız böyüyür…
Professor Şahlar Əsgərovun bir xeyli əvvəl oxuduğum “Düşüncə Tərzi” kitabında (Bakı, 2008) belə bir maraqlı fikirlə qarşılaşmışdım: “Yaxşı vərdişlər çətinliklə əldə olunur, ancaq onlarla yaşamaq asandır. Pis vərdişlər, əksinə asan öyrənilir, ancaq onlarla yaşamaq çətindir”.
Görünür, telekontingentimiz asan yolla öyrəndikləri pis vərdişlərlə yaşamağa məhkumdurlar.

                                                                                                                                                       Niyaz NİFTİYEV


 

24.01.2012 11:48 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
    15.09.2011
    Dərs
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo