Əli Həsənov: Dil bir toplumu digərlərindən fərqləndirən etibarlı vasitədir

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.

Azadinform xəbər verir ki, konfransda çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu günkü toplantı Azərbaycan prezidentin tapşırığı ilə keçirilir. Ə. Həsənov vurğulayıb ki, dil bir toplumu digərlərindən fərqləndirən etibarlı vasitədir. O əlavə edib ki, Ümummilli lider Heydər Əliyev deyirdi ki, millətin milliliyini təsdiq edən onun dilidir. Ə. Həsənov Heydər Əliyevin Azərbaycan dilinin qoruması və inkişafında misilsiz xidmətlərindən danışıb: "Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir.

Prezidentin köməkçisi əlavə edib ki, dilimiz indiki səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusi əlamətdar olub. Ə. Həsənov qeyd edib ki, Moskvanın etiraz etməsinə baxmayaraq Ümummilli liderin prinsipial mövqeyi sayəsində Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi: “Bu dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görüldü. Həmçinin dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olundu".

Ə. Həsənov əlavə edib ki, müstəqil dövlətimizin dil siyasətinin müəyyənləşməsi də Heydər Əliyevin adı ilə bağlıdır. O vurğulayıb ki, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edildi.

Ə. Həsənov həmçinin Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dili ilə bağlı görülən digər işlərdən danışıb. O qeyd edib ki, 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalanıb. 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi barədə qərar alınıb. 

Prezidentin köməkçisi vurğulayıb ki, bu istiqamətdə atılan digər mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi idi. Ə. Həsənov diqqətə çatdırıb ki, Ümummilli liderin həyata keçirdiyi dil siyasəti prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. O əlavə edib ki, prezident İlham Əliyev 2015-ci ildə AMEA-nın 70 illiyi ilə bağlı keçirilən toplantıda çıxış edərkən dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib: Bu gün Prezident dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün geniş tədbirlər həyata keçirir. Onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb".

Ə. Həsənov vurğulayıb ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: "Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Ə. Həsənov deyib ki, sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır: “Orada göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur". 

Ə. Həsənovun sözlərinə görə, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: "Ona görə də prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib". O əlavə edib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər KİV-lərdən yüksəkdə dayanır: "Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik".

Qeyd edək ki, tədbir mövzu ilə bağlı çıxışlarla davam etdirilir.

6.10.2017 11:25 / Baxılıb: 524 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo