Məni niyə məhv edirsən, anacan?

Oktyabrın 1-dən uşaqların ana südü ilə qidalandırılmasının təbliğ edilməsi həftəsi başlayıb. Bu, son dərəcə vacib problem olduğundan bəzi məsələlələrə toxunmağı zəruri bildik.

UNİSEF-in açıqladığı məlumatlara görə, gün ərzində Azərbaycanda 10 uşaq dünyasını dəyişir. Qeyri-adekvat qidalanma vərdişləri üzündən hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 8 uşaqdan yalnız 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır...

Bu, qorxulu, dəhşətli statistikadır. Lakin, görünən odur ki, heç kimin tükü də tərpənmir. Hələ 2003-cü il avqustun 4-də “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” AR Qanunu qüvvəyə minib. Lakin, bu Qanunu vecinə alan kimdir?

Televiziya kanallarında və reklam şitlərində süni qidaların ana südündən daha dəyərli, hətta möcüzəli olduğunu deyərək onlardan istifadə edilməsinə çağırılır və süni qida ilə böyüdülən əsil sağlam uşaq obrazı yaradılır.

Bəzən isə hətta, təbii südün zərərli olması haqda məqsədli informasiyalar yayımlanır. Bu yaxınlarda özəl tv-lərin birində səhər proqramında da belə etdilər. Əvvəlcə, südün zərərli olması, sonrakı süjetdə isə spirtli içkilərin xeyirli olması haqda xəbərlər verdilər... 

Bu tip xəbərlərin müəyyən mərkəzlər tərəfindən məqsədli yayılması şübhəsizdir. Özü də bir qayda olaraq bu cür xəbərlər belə təqdimatla verilir - “Alimlərin araşdırmasına görə...”, “Avropa alimləri bildirirlər ki...”.  Ay qardaş, ay bacı, hansı alimlər, hansı institut, hansı ölkə, hansı tədqiqat, nə vaxt, harada, kim tərəfindən  aparılıb? Niyə istinadsız-filansız ümumi sözlərlə həyati əhəmiyyətli məsələyə aid yalan xəbər yayıb insanları aldadırsınız? Necə yəni, filan süni qida ana südünü əvəz edir? Necə edir, kim təminat verir, hansı haqla yalan danışırsınız? Belə çıxır ki, sizin biznes maraqlarınız bizim körpələrin həyatından daha dəyərlidir... 

Heç bir etiraza yer yoxdur ki, ana südü əvəzedilməzdir. Ana südü ilə qidalanan körpə valideynlərinə daha yaxın münasibət bəsləyir, onun psixoloji, fiziki, mənəvi keyfiyyətləri yüksək səviyyədə olur. Bu uşaqlar təhsildə və tərbiyədə fərqlənir. Onlarda xəstəliklərə qarşı orqanizmin immunitet sistemi də güclü olur. Süni qida ilə böyüyən uşaqlarda bunların əksi daha çox müşahidə olunur. Süni qidalarla böyüyən körpələr çox gücsüz və zəif olur. Bu məhsullar azyaşlı uşaqların hətta beyin inkişafına da təsir edir. Uşaqların şüuru və yaddaşı da zəif inkişaf edir.

Süni uşaq qidalarının tərkibinə isə, körpələrin “tez böyüməsi” və “vaxtından əvvəl kökəlməsi” məqsədi ilə müxtəlif kimyəvi komponentlər, hormonlar qarışdırılır. Həmin maddələrin təsiri nəticəsində körpələrdə ciddi psixi pozuntular və fiziki xəstəliklər yaranır. Belə qidalarla böyüyən uşaqları süni dərmanla şişirdilmiş broyler cücələri ilə müqayisə etmək olar. 

Araşdırmalar göstərir ki, körpəsini süni uşaq qidaları ilə bəsləyən anaların sayı sürətlə artır. Əksər hallarda bunu məcburiyyətdən deyil, qəsdən edirlər. Burda bir psixoloji problem də var. Bir çox analar körpələrini əmizdirmirlər ki, “fiquraları” korlanmasın. Əslində, bu, tam məlumatsızlığın nəticəsidir. Elmi araşdırmalardan və adi müşahidələrdən məlum olur ki, körpəyə süd verməmək orqanizmin təbii inkişaf qanununa zidd olduğundan ağır nəticələrə səbəb olur. Nəticədə isə, həmin qadınlar sağalmaz xəstəliklərdən əziyyət çəkir. Bu hallar həmin analar arasında döş xərçənginin geniş yayılmasına gətirib çıxarır. Əksinə, ana südü verən qadınların bədən quruluşları da sağlam və düzgün olur.

Ana südü təbiətin yaratdığı ən qüdrətli möcüzədir və əvəzedilməzdir! Uşaqları bundan mərhum etmək isə ən ağır cinayətdir. Fiqurasını bəhanə edıb körpəsinə süd verməyən özünə necə ana deyə bilər?

Son vaxtlar heç bir ehtiyac olmadığı halda qeysər əməliyyatının kütləvi hal almasını, abortların sürətlə çoxalmasını da buraya əlavə etsək, genefondumuzun necə dəhşətli bir təhlükə qarşısında olduğunu görə bilərik. 

Artıq vəziyyətə dövlət tərəfindən ciddi müdaxilə edilməsindən başqa yol yoxdur. Dövlət cəmiyyətin təhlükəsizliyi, sağlamlığı üçün cavabdehdir. Düzdür, bu sahədə bəzi qanunlar qəbul olunub, müvafiq dövlət təşkilatları bu iqtiqamətdə bəzi işlər görürlər, lakin bunlar kifayət deyil. Bu məsələ birbaşa milli genefondla, strateji planda milli təhlükəsizliklə bağlıdır, ona görə də burada çox ciddi iş aparılmalıdır.


***

 

Bizim baş pediatr Nəsib Quliyevin bu mövzuda yaxşı bir müqayisəsi var - “Süni qidaların uşaqlara verilməsini, yer kürəsinə atom bombasının təsiri ilə müqayisə etmək olar...”

Sizə yalvarıram, uşaqlarınızı atom bombaları ilə məhv etməyin, lütfən...


Elcin Bayramlı

4.10.2017 14:38 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo