Azərbaycan bizim sevdamızdır

Şamil Ayrım: “Böyüklərimizdən gördüyümüzü davam etdiririk”

 

O, Azərbaycan üçün yeni sima deyil. Azərbaycan kökənli olması bir yana, həmçinin, Türkiyə Böyük Millət Məclisinə İqdır və İstanbul millət vəkili kimi seçildiyi dönəmdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün var qüvvəsi ilə çalışıb. Keçmiş millət vəkili və siyasətçi Şamil Ayrım Azərbaycana növbəti gəlişində "Kaspi”nin qonağı oldu və ölkəmizə sevgisini öz dilindən eşitdik.


Azərbaycan bizim sevdamızdır


- Şamil bəy, siz Azərbaycana tez-tez gəlirsiniz. Təkcə ona görə yox ki, kökünüz Azərbaycana bağlıdır və bu ölkəni sevirsiniz. Həm də keçmiş millət vəkili və siyasətçi kimi Azərbaycanın inkişafı gözünüzün önündən keçib. Həmin dönəmi necə xatırlayırsınız?

 

- Bizim nəsil kökləri Azərbaycana söykənən Türkiyə vətəndaşlarıdır. Mənsubiyyətindən qürur duyduğumuz Türkiyə Cümhuriyyətinin vətəndaşı olsaq da, Azərbaycan bizim sevdamızdır. Uşaqlığımızdan bəri Azərbaycan sevgisi ilə böyümüşük. «Azərbaycan nə vaxt müstəqil olacaq, oradakı dostlarımıza, yaxınlarımıza necə qovuşacağıq», - deyə o günün həsrəti ilə yaşamışıq. Biz ailə olaraq mücadilənin içində böyümüşük. Atamın atası Şamil babam həmin mübarizənin içində olub. Babamın adını mənə qoyublar. Həyat yoldaşım Gülhan xanımın ana babası Sarı Ələkbər də xalq qəhrəmanı olub. Ata babam Əsədullah Qarsda mücadilə aparıb. Anamın  dayısı Türkiyədə cənubi-qərbi Qafqaz hökumətini quran kişilərdən olub. O, Əhməd Ağaoğlu ilə bərabər iki il Maltaya sürgün edilib. Onlar iki il orada qaldılar. O zaman cümhuriyyəti quranlar anamın dayıları idi. O zaman İqdırda ciflik var idi. Rəhmətlik atam oranın müdiri idi. Axşamlar bəzən bizim tərəflərdə işıq olmazdı. Qarşı tərəfdən Ermənistanın, Naxçıvan kəndlərinin işıqları görünərdi. Anam rəhmətlik «Baxın, bir gün siz o işıqların yandığı yerləri görəcəksiniz. Bəlkə biz görə bilmədik, ancaq orada sizin yaxınlarınız var» - deyirdi. Bir ailə olaraq Azərbaycana olan hörmətimizi heç itirmədik. Fəaliyyətimizdə də heç bir səhv etməməyə çalışdıq. Çünki bizə baxıb örnək götürən bir çox insan var. Onlara yol göstərmək önəmli idi. Adət-ənənələrimizi unutmadıq, onları yaşatmağa çalışdıq. Qara niyyətli insanlar çoxdur, ancaq biz onlardan həmişə kənar gəzməyə çalışırıq. Biz anamızdan, babamızdan, böyüklərimizdən gördüyümüzü davam etdiririk. Bu münasibətləri ölkələrimiz arasındakı əlaqələrimizə də şamil etdik. Bundan sonra da Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün əlimizdən gələni edəcəyik. 


Tarazlığı qorumağımız lazımdır


- Ananız sizin uzaqdan sayrışan işıqları nə vaxtsa yaxından görə biləcəyinizə ümid edirdi. Gün gəldi, siz Azərbaycana gəldiniz... 

 

- Mən Türkiyə parlamentinə İqdırdan millət vəkili seçildim. Nazirimiz «Sən gəncsən və iki ölkə arasında dostluq qrupunun rəhbəri ol» - deyə təklif etdi. Mən də "Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri mən olacağam”-deyə, koalisiyadakı dostlara bildirdim. Millət vəkilliyim davam etdiyi müddətdə - düz on il bu vəzifəni yerinə yetirdim. Mənim o vəzifədə olmağım Azərbaycanı daha yaxından tanımağıma səbəb oldu. Biz o dönəm öz fəaliyyətimizlə Azərbaycan-Türkiyə münasibətlərində böyük rol oynadıq. Ən azı, ulu öndər Heydər Əliyev kimi bir insanı yaxından tanımaq fürsəti qazandıq. Millət vəkili olduğum zaman Heydər Əliyev Ankaraya gələndə bir-birimizi daha yaxşı tanıdıq. 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin abidəsinin açılışına dəvət aldım. Biz böyük bir qrupla Naxçıvana getdik. O gün hava yağmurlu idi. Heydər Əliyev məni görüncə yanına çağırdı, kürəyimə vuraraq «Gənc millət vəkili, sən də çıxış elə» - dedi. Çıxışımdan sonra isə «Çox gözəl danışdın» - deyə razılığını bildirdi. Sonra valini çağırıb «Millət vəkili mənim qonağım olacaq» - söylədi. Qonaqların şərəfinə verilən ziyafətdə Heydər Əliyevin yanında Vasif Talıbov oturmuşdu, digər tərəfindəki stul boş idi. Məni görüncə, «Sən orada niyə oturmusan, gəl, mənim yanımda otur» - deyə məni dəvət etdi. Mən "sizə özümdən bəhs etmək istəyirəm”- deyincə, "Sən İqdırın gənc millət vəkilisən» - deyə cavab verdi. «Atam haqqında danışmaq istəyirəm» - deyə söylədim və Heydər Əliyevin prezident kimi Türkiyəyə ilk səfərini xatırladım. O zaman atam Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin rəhbəri kimi həmin görüşə qatıldı. «Biz Azərbaycanın müstəqilliyini çox gözlədik. Azərbaycanın prezidenti bir gün gələcək və biz onunla söhbət edəcəyik. Biz sizin yanınızdayıq. Yaşasın, Azərbaycan, yaşasın Türkiyə» - deyə atam həmin görüşdə bildirmişdi. Heydər Əliyev atamı qucaqlayıb öpdü. Mən həmin hadisəni Heydər Əliyevə xatırladınca o, məni də qucaqladı və «indi səni daha çox sevdim» - dedi. Zaman keçdi, Türkiyə-Azərbaycan münasibətləri inkişaf etməyə başladı. Heydər Əliyev «Atatürkün yolu bizim yolumuzdur» - deyirdi.  Azərbaycan əsilli insanlar və ya azərbaycanlı olmayanlar Azərbaycana qarşı bir sevgi duydular. Üstəlik kökümüzün, dilimizin eyni olması bizi bir-birimizə daha da sevdirdi. Sadəcə, Azərbaycan türkləri deyil, bütün Türkiyədəki insanların Azərbaycana münasibəti fərqlidir. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin xaricdə yetişmiş diplomatları yox idi. İmkanlar məhdud idi. «Əsrin müqaviləsi» imzalanmamışdı. Azərbaycan imkansızlıqlar içərisində idi. O zaman Türkiyə səfirliyi Azərbaycan üçün də müəyyən vəzifələri həyata keçirirdi. Bütün bunlar iki qardaş arasında olan əlaqələr idi. Azərbaycan da buna qarşılıq verdi. Bu zaman içərisində ölkələr arasında ticarət inkişaf elədi. «Əsrin müqaviləsi» imzalandı. Azərbaycan neftinin Türkiyədən keçərək dünya bazarına açılması çox önəmli layihə idi. Bütün bu işləri həyata keçirmək asan deyildi. Heydər Əliyev Azərbaycanı dünyada etibarlı, ayaqlarını yerə basan bir dövlət halına gətirdi. Bu gün prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sağlam addımlarla irəliləyir. Mən Türkiyədən Azərbaycan telekanallarını hər gün izləyirəm. Burada gedən inkişaf kənardan daha çox görünür. Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi var. Ermənilərin taleyin müxtəlif dönəmlərində bizim vətəndaşlarımıza qarşı həyata keçirdiyi soyqırımıların hamısı göz önündədir. Azərbaycanda da 1915-1918-ci illərdə soyqırımlar törədilib, o cümlədən 20 Yanvar hadisəsi, Xocalı faciəsi kimi yüzlərlə insanın qətlinə səbəb olan hadisələr baş verib. Bu mücadilədə Türkiyə Azərbaycanın torpaqlarının işğal edilməsinə etiraz olaraq Ermənistanla sərhədlərini bağladı. Bu sərhədlərin açılması üçün etiraz edən, onları içdən və xaricdən dəstəkləyən qüvvələr də vardı. Amma bizim prezidentimiz doğru qərar verdi: «Ermənilər Azərbaycan torpaqlarından çəkilməyincə biz bu sərhədləri açmayacağıq. Çünki sərhədlərin qapanması şərtləri həyata keçməyib». Rəcəb Tayyib Ərdoğan eyni şəkildə Azərbaycan parlamentində də danışdı. Liderlər arasındakı münasibətlər ölkələr arasındakı əlaqələrin də inkişafına səbəb olur. Önəmli olan yuxarıdakı siyasətçilərin uyğunlaşmasıdır. Bu dialoq normal şəkildə davam edir. Bu gün Azərbaycanla Türkiyənin iqtisadi əlaqələri var. Bakı-Ceyhandan sonra qaz kəmərini, Bakı-Tibilisi-Qars dəmir yolu layihəsini qeyd etmək lazımdır. Azərbaycanla Türkiyə nizamlı bir şəkildə əlaqələrini davam etdirməlidir. Yanlış insanlara fürsət verməmək lazımdır. Çünki Azərbaycanın yerləşdiyi coğrafiya həssasdır. Eyni zamanda, Türkiyənin durumu da son dərəcə həssasdır. Biz bir tərəfdən terrorla vuruşuruq, bir tərəfdən də ətrafdakı qonşularla aramız o qədər də yaxşı deyil. Ona görə də bu tarazlığı qorumağımız lazımdır. Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyənlərə qarşı hər zaman oyaq olmalıyıq. Ölkənin prezidenti İlham Əliyev düzgün siyasət yürüdür. Heydər Əliyev də o zaman söyləyirdi ki, neft sonsuz deyil, onun xaricindəki sahələri də inkişaf etdirmək lazımdır. Bu gün də Azərbaycan həmin siyasətin yolunu tutub. Son illər kənd təsərrüfatına, heyvandarlığa, bir sözlə, qeyri-neft sektoruna yönəli addımlar atılır. Bunlar çox önəmlidir. Azərbaycan iki devalvasiya yaşadı. Bu proses hər ölkədə baş verir. Amma Azərbaycan devalvasiyanı qarşılayacaq önəmli tədbirlər həyata keçirdi. Dünya ölkələrinə baxıb Azərbaycanı onlarla müqayisə etmək lazımdır. Mən keçmiş siyasətçi olduğum üçün bütün prosesləri təqib edirəm. 


Ölkənin sabahları


- Siz gəmi inşaat mühəndisisiniz. Bu sahədə də böyük təcrübəniz var. Bu gün Azərbaycanın da, Türkiyənin də xaricdə təhsil alan gəncləri çoxdur. Eləcə də bu gün azərbaycanlı gənclər Türkiyədə təhsil almağa böyük maraq göstərirlər. Təhsilin bir ölkənin həyatındakı rolunu necə dəyərləndirirsiniz?

 

- Mən 25 il gəmi inşaatı sahəsində çalışmışam.  Mənim yanımda 7 min insan çalışırdı. Türkiyənin ən önəmli universiteti sayılan İstanbul Texnik Universitetin mexanika fakültəsini gəmi inşa və mexanika yüksək mühəndisi məzunu olaraq bitirmişəm. Biz Türkiyə üçün 150-dən çox gəmi hazırladıq. Öz əməyimizlə, fəaliyyətimizlə gənclərə örnək olduq. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə Türkiyə Cümhuriyyəti türk dövlətlərindən olan 10 min gəncə təqaüd verdi. Azərbaycandan da 2-3 min gənc gəldi. Mən o gənclərlə ünsiyyətdə idim. Onların arasından həkim, mühəndis çıxdı. Onlar Türkiyədə ilk təhsil alan azərbaycanlı gənclər idi və bu gün Azərbaycanda müxtəlif sahələrdə uğurla çalışırlar. Bu gün Azərbaycanda çox dəyərli gənclər yetişir və yüksək səviyyəli məktəblərdə təhsil alırlar. Həm Azərbaycanın daxilində, həm də xaricində onlar ölkənin sabahlarıdır. Onların bir qismi oxuyub elə xaricdə qalırlar. Bunun da müsbət cəhətləri var. Türkiyənin də Amerikada və başqa ölkələrdə oxuyan və çalışan bir qrup gəncləri var. Hazırda Türkiyədə 13-14 min azərbaycanlı gənc təhsil alır. Bu, çox önəmlidir. Azərbaycan kiçik bir ölkədir. Bu gün ölkə üçün gənc, dinamik və təhsilli əhali çox önəmlidir. Ona görə Azərbaycanın gələcəyi çox aydınlıqdır.

 

Söhbətləşdi

Təranə Məhərrəmova

3.10.2017 13:21 / Baxılıb: 126 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo