AÇ-2017: Rusiya 1/4 finalda

Samir Soltanov/AZADİNFORM. Azərbaycanda qadınlar arasında voleybol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilir. 

Azadinform xəbər verir ki, bu gün Bakıda C qrupunda Rusiya və Bolqarıstan yığmaları qarşılaşıblar. 

İlk set bolqar idmançıların xeyrinə olsa da (21:25), rus voleybolçular ikinci setdə təşəbbüsü ələ alıblar (25:20). Lakin üçüncü setdə Bolqarıstan təmsilçiləri əzmkar oyun nümayiş etdiriblər - 23:25. Dördüncü set Rusiya idmançılarının qələbəsi ilə başa çatdığı (25:21) üçün C qrupunun lideri tay-brekdə məlum olub. Burada rusiyalı voleybolçular daha üstün oyun göstərərək qrup lideri kimi 1/4 finala yüksəliblər. 

Bolqarıstan yığması isə "pley-off"da rəqibini gözləyir. 

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir. 

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək. 

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

25.09.2017 18:18 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo