Şirvan və Xırdalanda işlər ASANlaşacaq

Eşqin Nuruşov/AZADİNFORM. Səyyar ASAN xidmət 25 sentyabr – 24 oktyabr tarixlərində Şirvan və Xırdalanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Azadinform xəbər verir ki, bundan başqa səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 12 - 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində, 19 sentyabr – 5 oktyabr Goranboyda vətəndaşların xidmətində olacaqlar. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

 

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.


Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

25.09.2017 13:22 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo