Ərşi titrədən tənha Adam

2006-cı ilin payızı idi. Yaxın tanışlardan biri ilə Nardarandan şəhərə qayıdırdıq. 

89 saylı marşrut avtobusunun arxa oturacaqlarında əyləşib sürücünün səsləndirdiyi musiqinin sədaları altında xəyal dünyamızla baş-başa qalmışdıq. Maqnitafonun köhnəliyindənmi, yaxud diskin təkrarsız dövr etməsindənmi – bilmirəm, ifaçının kimliyini ayırd etməkdə çətinlik çəkirdik.

“Hər halda, o deyil” – hər ikimizin gəldiyi qənaət belə idi. Zabratın girəcəyində ön oturacaqlarda yerlərin boşalması işimizə yaradı. Önə keçib yerimizi rahatladıq. Hər nə qədər diqqət etsək də, ifaçının kimliyini yenə də ayırd edə bilmədik ki, bilmədik. “Deyəsən, oxuyan filan filankəsdir”,- deyə o zamanlar özünü ona bənzədənlərdən birisinin adını çəkib sürücüdən soruşduq. Sözümüz havada qaldı. “Siz nə danışırsınız, bu Alimdir, filanıncı ildə filan ölkənin filan konsert salonunda, filan qədər tamaşaçının qarşısında oxuduğu filan muğamın lent yazısıdır” – deməsi ilə bizi büsbütün heyrətləndirdi. (Sürücü zahirən və daxilən olduqca mədəni insan təəssüratı yaradırdı, əslində, həm də belə idi). Və görün, daha sonra o aşiq nə dedi: ”Bu lent yazısını ilk dəfə ötən il Əzizbəyovdan Nardarana gedərkən oxutmağa başladım. Sabunçu dairəsinə çatanda hiss etdim ki, halım dəyişib və özümdə deyiləm. Sanki səsin cazibəsindən boğulurdum. Tez maqnitafonu söndürdüm. Nardarana necə çatdığımı xatırlaya bilmirdim. Sərnişinləri sağ-salamat mənzil başına çatırdığıma görə Allahıma xeyli dua-sana etdim. Tələsik avtobusu qaraja qoydum və üç gün işə çıxmadım, qorxdum ki, “avariya” edərəm... Yalnız üç gündən sonra o ilahi səsin sehrindən çıxa bildim. Allaha and olsun ki, üç gün sanki ayrı bir aləmdə idim...”. 

Onun söylədikləri məni hər zaman iddiasında olduğum aşiqliyin “birincilik” zirvəsindən çox-çox aşağılara endirdi. Düşündüm ki, o səsin sehrinə düşən aşiq-dəli-divanə onun kimi olar.

İndiyədək onu bu sayaq, yəni olduğu kimi dəyərləndirən birisini görmədim. Onun haqqında çoxları - professor da, akademik də... gəlişigözəl sözləri eninə-uzununa çox işlədiblər. Ən dəyərlisini - əsl həqiqəti ən sadə dildə avtobus sürücüsündən eşitdim. Çünki o, həqiqətən ilahi səs aşiqi idi. 


***


1998-ci ilin isti yay günləri idi. “Alim” Mədəniyyət Mərkəzində Avropa turnesinə hazırlıqla bağlı hər gün gərgin məşqlər gedirdi - Malik və Elşən Mansurov qardaşları tar və kamançada, Antik Seyidov nağarada, Şirzad Fətəliyev balabanda, Alim də öz taxtında. Məşq prosesini izləməyə gələnlər arasında Fransanın ölkəmizdəki səfiri də var idi. Bir dəfə ondan soruşdum ki, dilimiz, adət-ənənələrimiz tamam fərqli olduğu halda, siz nədən Alimin səsinə bu qədər heyransınız? O, bir anlığa sanki Fransa kimi nəhəng bir Avropa dövlətinin səfiri olduğunu unudaraq aşiqliyini belə izhar etdi. Dedi ki, biz fransızlar Alimi çox sevirik, mən isə onun səsinə dəlicəsinə heyranam və hər dəfə onu dinləyəndə yaşayıram və insan olduğumu yada salıram. Əgər, mən gecənin bir aləmində yataqda olsam və desələr ki, Alim məni çağırır, heç nəyə fikir vermədən “pijamada”, həm də ayaqyalın onun yanına qaçaram. Onun söylədiklərinə əsla şübhə etmədim və bu günə kimi də Alimin sənətinə olan səmimiyyətin etalonu hesab edirəm.

Bu, o zamanlar idi ki, Neft Akademiyasının (ADNA) M. Qaşqay küçəsində yerləşən yataqxanasının “Alim” Mədəniyyət Mərkəzinə 20 illiyə icarəyə verilmiş uçuq-sökük akt zalını da Böyük Ustada çox gördülər. O, kiçik bir kollektivlə beş Avropa ölkəsini fəth etdiyi günlərdə ADNA-nın rektoru S. Qarayevin göstərişi ilə bağlanmış müqavilə heçə sayılaraq, Mədəniyyət Mərkəzinin ofisi zəbt edildi. Oranın təmiri üçün çəkilən 20 min manata yaxın xərc də beləcə heçə getdi. Bu, Azərbaycan mədəniyyət tarixinə yazılmalı olan ən qara səhifələrdən biridir...


***


Bunu Antik Seyidovdan eşitmişəm. 90-cı illərin ortalarında Alimi görmək üçün İrandan əslən azərbaycanlı olan bir nəfər Bakıya qonaq gəlir. Antik onu qarşılayıb Ustadın evinə gətirir. Qonaq mənzilin kandarına çatan kimi dizlərini yerə qoyub inək yeni doğulmuş balasını yaladığı kimi göz yaşları içində qapını öpüb yalamağa başlayır. Antik onun bu hərəkətindən heyrətə gəlir və səbəbini soruşduqda, görün, qonağın söylədikləri nə olur: “Bura, qapıya Alimin əlləri dəyib, bu qapıdan Alim keçib, kaş biləydiniz ki, bura Kəbə qədər mənə əzizdir”.

İranlı qonağın söylədikləri də mədəniyyət tariximizə yazılmalıdır, həm də Alim sənətinə sədaqətin etalonu kimi. 


***


Deyirlər, Azərbaycan anasına daha yüz il səbr etmək gərəkdir ki, onun kimi birisi yenidən dünyaya gəlsin. Xülyadı bu. Azərbaycan anasının səbri ötən əsrin 57-ci ilində birdəfəlik tükəndi. Bu, sonuncu gəliş idi. Heyranlarından birinin dediyi kimi, sonun başlanıcığında – qiyamət günündə Uca Tanrının əzəmətli səsini eşidəndə “o səs tanış səsdir,- deyə düşünəcək, Alimi, məhz Alimi xatırlayacağıq”. 


***


Ad günündə ona nə üçün zəng vurmadığımı, onu təbrik etmədiyimi biriləri mənə irad tutdu. Zəng vurub nə deyəcəkdim ki? Bayağı və ütülənmiş bir neçə kəlmə. Bir neçə saniyə ərzində həm özüm əzab çəkəcəkdim, həm də ona əzab verəcəkdim. Mən adım kimi əminəm ki, onu qınayan olmasa, anadan olduğu günü belə unudar. Və görəsən, onun yaşını dəqiq bilən varmı? 60 cismani yaşın müəyyən bir həddidir, o isə Həzrəti Davuddan üzü bəri min illərin ilahi əmanətini çiyinlərində daşıyan və qiyamətə qədər daşıyacaq bir ruh Adamı. Səsin rəngini və qoxusunu duyan, onu bizə anladan - o. Səs mülkünün sultanı – o. Ərşin taxtını titrədən – o. Səsin peyğəmbəri – o. O – Allahla danışan min illərin Adamı! 


***


Qızı Fərqanə onun sənət dünyası ilə bağlı elmi iş üzərində işlədiyini söylədi o gün. Ola bilər ki, dəryadan bir damla olsun. Onu olduğu kimi çatdırmaq hələ çox uzun zaman istər – yüz illər. Gərəkdir ki, neçə-neçə nəsillər dəyişə, səsin rəngi və qoxusu kəşf edilə və onda dərk edilər ki, nə həngamədi bu...


***


Fərqanəyə hədsiz bağlıdı o. Peyğəmbər qızı Fatiməyə bağlı olduğu kimi. Xanım Fatimə atasına hansı nisbətdə idisə, xanım Fərqanə də atasına o nisbətdədir. Əsla, şübhə etmirəm ki, indi o, yalnız qızı üçün oxuyur. Onu oxudan sevgili qızıdır. Qızı ilə birgə pərvazlananda - ərşə bülənd edəndə yaşayır Alim. Yerə endimi, elə bil dünyanın bütün ağrı-acısı çiyinlərinə qonur. 


***


O, səsin bütün imkanlarından istifadə edib. Muğamın elmini, fəlsəfəsini də bizlərə anladıb. Hələ, 25 yaşında Səmərqənddə “Çahargah”ın Mənsuriyyəsi ilə ahın, nalənin ən sonuncu nidasını da ərşə çatdıra bilib. Onun bizlərə çatdırmadığı bircə həqiqət qalıb – Kərbəla. 1400 ildir ki, Aşiqin Məşuqu yolunda böyük bir sevgi ilə can fədasını ancaq Alim çatdıra bilər. 


***


Allah ondan heç nəyi əsirgəməyib, bircə şeydən savayı – bütün varlığıyla öz səsinin sehrinə düşməyini. Yoxsa, havalanardı Alim. Bu, onu qəlbən sevənlərə Uca Yaradanın, məncə, ən böyük lütfüdür. 


***


Deyirlər ki, çoxlu dostu var onun. Amma mən inanmıram. Alimlə dost olmaq, onun kiminləsə dost olması mümkünsüzdür. Çünki sadə olduğu qədər də mürəkkəbdir, həm də bəşərdə qeyri-bəşərdir o. O, zamanları önləyən və içi ilə baş-başa qalan tənha Adamdır. Onun bir dostu var – Allah! Allahın dostlarından biri – Alim!

İlahi, Sən Özün Öz dostunu qoru!

P.S Ötən gün vədələşib Zabitlər bağında ayaqüstü görüşdük. Söhbətləşə-söhbətləşə S.Vurğun küçəsi ilə üzü yuxarı qalxmalı olduq. H.Əliyev adına liseyin yanında piyada keçidini keçərkən özüm də daxil olmaqla piyadalara əsil “master-klass” keçdi. Ustad tıxac yaranmasın deyə, piyada zolağını sürətli addımlarla, qaça-qaça keçərkən, təkcə piyadalar deyil, sürücülər belə heyrətdə qalmışdılar. Bu, böyük Alim mədəniyyəti idi. 

P.P.S Söhbət əsnasında soruşdum ki, yeni nəsil ifaçılardan kimi öz davamçın olaraq görürsən. Dedi ki, sən kimi görürsənsə mən də onu. Dedim ki, mən heç kimi...


Vasif Hüseynov (xezernews.az)







 

22.09.2017 12:59 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo