Azərbaycan tranzit daşımalar üzrə e-TİR layihəsinə qoşulur

AZADİNFORM. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda (Türkiyə) yerləşən baş ofisində sentyabrın 20-dən başlayaraq qurumun iclası keçirilir.

Azadinform Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, iclasda Azərbaycanı Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev təmsil edir.

Ötən gün təşkilatın gömrük məsələləri üzrə işçi qrupunun iclası olub. İclasda gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası, malların və nəqliyyat vasitələrinin buraxılışının ölçülməsi layihəsi və onun metodologiyası üzrə təcrübə mübadiləsinin aparılması, QDİƏT üzv ölkələrinin gömrük sahəsində əməkdaşlığının genişləndirilməsi, elektron ticarət məkanında gömrük əməliyyatlarının daha da inkişaf etdirilməsi və yenidən baxılması və QDİƏT ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) əməkdaşlığı barədə məsələlər müzakirə edilib. İşçi qrupu sonda bu məsələlərlə bağlı müvafiq sənəd hazırlayıb.

Həmçinin iclasda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndəsi tranzit beynəlxalq yükdaşımalarında və logistika məsələlərində elektron sistemin, yəni “e-TİR” layihəsinin tətbiqinin problemləri, həlləri və perspektivləri haqqında təqdimatla çıxış edib. Azərbaycan Gömrük Xidmətinin də bu layihəyə qoşulması barədə məlumat verilib.

Bu gün isə QDİƏT ilə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) birgə təşkil etdiyi ticarətin asanlanşdırılması və "bir pəncərə" sistemlərinin qarşılıqlı fəaliyyəti mövzusunda seminar keçirilib. Seminarda UNECE eksperti ÜGT-nin ticarətin asanlaşdırılması müqaviləsində "bir pəncərə" sisteminin beynəlxalq standartları, Türkiyə Gömrük Xidmətinin nümayəndəsi "bir pəncərə" üzrə görülmüş işlər və təcrübələr, UNECE-nin beynəlxalq məsələlər üzrə məsul əməkdaşı "bir pəncərə" prinsipinin qarşılıqlı tanınması və inteqrasiyası üzrə beynəlxalq standartlar, ÜGT-nin eksperti ÜGT standartları və "bir pəncərə" sistemində məlumatlar mübadiləsinin həyata keçirilməsi, Ukrayna təmsilçisi Odessa şəhərinin dəniz limanında fəaliyyət göstərən "bir pəncərə" sistemi haqqında və Moldova Gömrük Xidmətinin nümayəndəsi "bir pəncərə" prinsipinin problemləri və qarşılıqlı əlaqələndirilməsi üzrə görülən işlərdən bəhs ediblər.

Öz növbəsində, Azərbaycan Gömrük Xidmətinin təmsilçisi Azərbaycanda "bir pəncərə" prinsipinin tətbiqi və gələcək layihələr mövzusunda təqdimatla çıxış edib. Azərbaycan gömrüyündə həyata keçirilən innovasiya layihələri, gömrük xidmətinin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı sərəncamlar və digər qanunvericilik aktları və "bir pəncərə" üzrə qarşılıqlı məlumat mübadiləsinin təşkili barədə ətraflı məlumat verilib.

QDİƏT-in iclası sabah başa çatacaq. 

21.09.2017 19:06 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo