Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsi müzakirə edilib

Samir Soltanov/AZADİNFORM. Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, həmçinin Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, iclasda maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər. 

Çıxışlarda qeyd olunub ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlülüyü əsas götürülüb, əhalinin maddi rifahının daim yaxşılaşdırılması, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək verilməsi kimi mühüm amillərə diqqət yetirilib. 

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan “Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilərək, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması qərara alınıb.

21.09.2017 18:12 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo