Elektrik şəbəkəsindən oğurluq edən şəxslər saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Elektrik şəbəkəsindən oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Saatlı rayon Elektrik Şəbəkəsinə məxsus 5 işıq dirəyinin oğurlanması barədə DİN-in “102” xidməti zəng mərkəzinə məlumat daxil olub.

Məlumat aidiyyatı üzrə Sabirabad RPŞ-yə ötürülüb. Araşdırmalar zamanı şəbəkəyə məxsus torpağa basdırılmış və üzərində elektrik xətti olmayan, hər birinin uzunluğu 5 metr olan 5 ədəd dəmir işıq dirəyinin oğurlanması aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluqda şübhəli bilinən Qalaqayın kənd sakini Rəhim Hüseynov müəyyən edilib və o, saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edib. Müəyyən edilib ki, həmkəndlisi İlkin Zülfüqarovla cinayət əməlini törətdikdən sonra dirəkləri sonuncuya məxsus “QAZ-53” markalı avtomobilə yükləyib, qaynaq aparatı ilə doğrayaraq metal qəbulu məntəqəsinə təhvil veriblər.

Tədbirlərin davamı olaraq İ. Zülfüqarov da saxlanılıb. Ona məxsus yük maşınına baxış zamanı qaynaq aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

21.09.2017 16:17 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo