Prezident: Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir

Samir Soltanov/AZADİNFORM. “Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır”. 

Azadinform xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindəki nitqində səsləndirib və “Əsrin müqaviləsi”ndən ötən müddətdə qazanılan nailiyyətləri diqqətə çatdırıb. Prezident 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı, 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktların imzalandığını, 1997-ci ildə isə “Çıraq” platformasından ilk neft çıxarıldığını xatırladıb və bunu dünya neft tarixinin nadir hadisələrindən biri adlandıraraq deyib: “1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilib və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanıb. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlayıb. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilib və o istiqamətdə də işlər gedir. Yəni, əsas xronoloji mənzərə bundan ibarətdir”.

14.09.2017 13:53 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo