Prezident İlham Əliyev Berat Albayrakla görüşüb

Samir Soltanov/AZADİNFORM. Sentyabrın 14-də Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. 

Azadinform xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü mərasimə ünvanladığı təbrik məktubundakı xoş sözlərinə görə minnətdarlığını bildirdi. Bugünkü tədbirin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edən dövlətimizin başçısı bu münasibətlə təbriklərini çatdırdı. 

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mövcud əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirdi. Berat Albayrak bu əməkdaşlığın yeni layihələr və qarşılıqlı sərmayələrlə daha da zənginləşdirildiyini vurğuladı. 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunuldu, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışıldı. 

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

14.09.2017 12:23 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo