Səfir Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət edib

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycanın Çin Xalq Respublikasına yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini Çin Xalq Respublikasının sədri  Si Cinpinə təqdim edib. 

XİN-dən AZADİNFORM-a verilən məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində yeni təyin olunmuş səfirin Si Cinpinlə apardığı söhbət zamanı Ə.Zeynallı Prezident  İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb. 

Ölkəsinin Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir,  Prezident İlham Əliyevin Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırladıb və səfərin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb. 

Azərbaycan Hökumətinin Si Cinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədiyinə diqqəti yönəldən səfir, ölkəsinin bu təşəbbüsün uğurla həyata keçirilməsinə xüsusi töhfə verməyə hazır olduğunu bildirib. 

İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edən səfir Ə.Zeynallı, Çin şirkətlərini Azərbaycanla daha sıx işləməyə dəvət edib. 

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan səfir Ə.Zeynallı, münaqişənin həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. 

Səfiri yeni təyinatı münasibətilə təbrik edən Si Cinpin, Azərbaycan Prezidentinin səmimi salamlarına və xoş arzularına görə təşəkkür edib, onun da salamlarını və xoş arzularını Azərbaycanın dövlət başçısına çatdırmasını səfirdən xahiş edib.

Prezident İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfərini məmnuniyyətlə xatırladan Si Cinpin, həmin səfər çərçivəsində Azərbaycanın dövlət başçısı ilə birlikdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra vacib qərarlar qəbul etdiklərini bildirib və bu qərarların həyata keçirilməsi üçün Prezident Əliyevlə daha sıx işləməyə əzimli olduğunu vurğulayıb.

Azərbaycan Prezidentinin rəsmi səfərlə bağlı dəvətinə görə təşəkkür bildirən Si Cinpin, ölkəmizə rəsmi səfər etməkdən məmnun olacağını qeyd edib və hər iki tərəf üçün məqbul tarixlərin diplomatik kanallar vasitəsilə razılaşdırılmasını təklif edib. 

Söhbət zamanı Si Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ciddi şəkildə dəstəklədikləri üçün şəxsən Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. 

14.09.2017 12:15 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo