XİN rəhbəri Vyetnamın baş naziri ilə görüşüb

Leyla Məhərrəmova / AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın Baş Naziri Nquyen Xuan Fuk ilə görüşüb. 

XİN-dən Azadinform-a verilən məlumata görə, görüşdə nazir 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xatırladaraq Azərbaycan və Vyetnam arasında mövcud sıx dostluq əlaqələrinin dərin tarixi köklərinin olduğunu bildirib. 

Görüş əsnasında nazir həmsöhbətinə Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub dəhlizi barədə məlumat verərək, Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb. Bu xüsusda, qeyd edilən dəhliz vasitəsilə Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanların mövcudluğu qeyd olunub. 

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən Baş nazir Azərbaycan tərəfinin bu təklifinin cəlbedici olduğunu, bununla bağlı Vyetnam tərəfinin müzakirələrə açıq olduğunu bildirib. 

Habelə, Baş nazir Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb. Bu xüsusda, Baş nazir Vyetnam bazarının Azərbaycanın neft maşınqayırma sənayesi məhsulları üçün açıq olduğunu bildirib . Görüşdə Vyetnamda istehsal olunan məhsulların Azərbaycan bazarına da ixracı məsələsi müzakirə olunub. 

Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın mühüm rola malik olduğu bildirilib və Komissiyanın qarşıdan gələn iclaslarında müxtəlif sahələr üzrə ekspertlərin iştirakının vacib olduğu qeyd olunub. Həmçinin, iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların qurulması və biznes forumlarının keçirilməsinin əhəmiyyətinə toxunulub.

14.09.2017 12:09 / Baxılıb: 38 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo