İllik inflyasiya 14%-ə çatıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq mallarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2% artıb. 

Ay ərzində mal və qoyun əti, balıq məhsulları, kolbasa məmulatları,  pasterizə olunmamış üzlü süd, pendir, kərə və zeytun yağları, albalı, gilas, ərik, qarpız, çiyələk, kələm, göyərti, xiyar, pomidor, göy lobya, çuğundur, sarımsaq, qəhvə və çayın qiymətlərində bahalaşma, un, manna və qarabaşaq yarması, makaron məmulatları, toyuq əti və yumurta, günəbaxan və qarğıdalı yağları, banan, alma, armud, alça, şaftalı, üzüm, badımcan, bibər, yerkökün, kartof, soğan, şəkər və şəkər tozu, tütün məmulatlarının qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Ötən ay iyulla müqayisədə qeyri-ərzaq mallarından parçalar, ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələri, velosipedlər, dəftərxana ləvazimatları, zərgərlik məmulatlarının qiymətlərində artım, geyimin və telefon aparatlarının qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Avqustda əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, avtomobillərin təmiri xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və taksi nəqliyyatı xidmətlərinin, ödənişli ali təhsil haqqının, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində artım, respublikadan kənara istirahət turlarının, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

14.09.2017 11:22 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo