Vuonq: Azərbaycan və Vyetnamı ənənəvi və uzunmüddətli dost ölkələrdir

Leyla Məhərrəmova / AZADİNFORM. Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Mərkəzi komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşüb. 

XİN-dən Azadinform-a verilən məlumata görə , nazir 2019-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 60 illiyinin qeyd ediləcəyini, bu, eləcə də Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfərin ikitərəfli münasibətlərin formalaşmasında önəmli mərhələ olduğunu vurğulayıb. 

Nazir E.Məmmədyarov Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyevin də yer aldığını qeyd edərək, Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. 

Daha sonra E.Məmmədyarov rəsmi səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlər barəsində həmsöhbətini məlumatlandırdı və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından geniş müzakirələrin aparıldığını bildirib. 

Xüsusilə iqtisadi əməkdaşlıq sahəsinə toxunan nazir E.Məmmədyarov Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırıb və Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarından danışıb. 

Trank Quok Vuonq Azərbaycan və Vyetnamı ənənəvi və uzunmüddətli dost ölkələr adlandıraraq, müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə Kommunist Partiyası adından Azərbaycana təşəkkür edib. Həmçinin, mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

13.09.2017 17:06 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo