İslam Sivilizasiyası, Dövlət-din münasibətlərinin Azərbaycan modeli mövzusunda tədbir keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Daşkəsən Rayon İcra Hakimiyyəti və "Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” mövzusunda görüş keçirilib.

Azadinform xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına həyata keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, "Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, layihənin eksperti Seymur Verdizadə, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev  bildirib ki, Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevrilib. “Bizim bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçib gəldiyimizi hamımız çox gözəl bilirik. Bu gün isə hansısa xarici çevrələrin Azərbaycanda öz məkrli planlarını həyata keçirmələri qeyri-mümkündür. Milli maraqlarımıza qarşı olan istənilən siyasi oyun və çirkin plan güclü Azərbaycan dövləti qarşısında iflasa məhkumdur!

Bir məsələni də təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Əgər bunun bir səbəbi məlum xarici dairələrin öz maraqlarını müsəlman cəmiyyətlərində həyata keçirmələridirsə, digər səbəbi İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcud olmasıdır. Məzhəb ayrı-seçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Ən ağrılısı odur ki, bu problem daim xarici dairələr tərəfindən körüklənir, nəticə etibarilə qanlı qarşıdurmalar baş verir, terrorçuluq baş alıb gedir.

Bütün bunların fonunda bir daha aydın olur ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur.” Azərbaycanın hüquqi, dünyəvi dövlət olduğunu vurğulayan E. Əliyev dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərdiyini qeyd edib. “Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə zəmin yaradır”.

"Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” layihəsinin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra deyib: “Azərbaycanda sağlam dövlət-din münasibətlərinin əsasını isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. Bu illərdə Azərbaycanda sayı cəmi 17 olan məscidlərin artaraq 2000-i ötməsi xalqımızın öz dini dəyərlərinə ehtiramının göstəricisidir. Lakin onu da etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışdılar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olundu. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilmədi. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq formalaşan sağlam dini münasibətlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir. Bu onun göstəricisidir ki, İslam dininə sitayişlə bağlı ən düzgün model Azərbaycanın getdiyi yoldur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol, xüsusən məzhəblərarası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir.

Azərbaycan üçün əsas xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. Hazırda Azərbaycanda bütün digər dinlərin təmsilçiləri kilsələrə, sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst icra edirlər. Bakıda həm pravoslav, həm katolik kilsəsi fəaliyyət göstərir. Ona görə bu gün respublikamızın dinlərarası dialoq mərkəzi statusunu daşıması tamamilə qanunauyğun bir haldır. Azərbaycan xalqının tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib.

Ötən il BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə tolerant, eləcə də əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən Vatikanda katakombaların bərpası və digər layihələr xalqımızın məxsus olduğu yüksək mənəvi keyfiyyətlərdən irəli gəlir.

Bütün bu deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gələrik ki, Azərbaycanın dini modeli, tolerant dəyərlərə malik olması və bütün bunlardan irəli gələn tarixi təcrübəsi, o cümlədən beynəlxalq nüfuzu dindən qaynaqlanan problemlərlə bağlı məsələlərin yoluna qoyulmasında liderliyi üzərinə götürməyə imkan verir”.

Daha sonra çıxış edən layihənin eksperti Seymur Verdizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Şamxal Həsənov, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev və başqaları xüsusilə gənc nəslin tərbiyə olunmasında milli-mənəvi və dini dəyərlərimizin onlara təlqin və təbliğ edilməsinin əhəmiyyətindən danışıblar.

13.09.2017 10:05 / Baxılıb: 134 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo