Bu, onu göstərir ki, təhsil pillələri arasında əlaqələr yoxdur Ekspert

Ləman Hüseynzadə / AZADİNFORM. Artıq illərdir ki, ümumtəhsil məktəblərində tədris olunan bir neçə fənn eyni mövzularla təkrarən universitetlərdə də tədris olunmaqdadır. Tələbələr isə bu fənlərə o dərəcədə də əhəmiyyət vermir və bunları onsuz da bilirəm kimi qiymətləndirirlər. Bundan əlavə, seçdiyi qrup üzrə qəbul imtahanından keçib tələbə adını qazananlar da var ki, universitetdə həmin imtahan verdiyi və eyni zamanda, ən azı 7-8 il məktəbdə mənimsədiyi fəndən kəsilir. Bu proseslərin 1-ci kursda baş verdiyini nəzərə alsaq deyə bilərik ki, artıq tələbənin ali məktəbə maraq dairəsi get-gedə aşağı səviyyəyə düşür. Görəsən, eyni fənnin tədrisindənsə elə ilk dönəmlərdə tələbəni ixtisası üzrə təkmilləşdirmək olmazmı? 

Mövzu ilə bağlı olaraq Azadinform-un suallarına cavab verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ali təhsil müəssisələrinin istər idarəçiliyi, istərsə də təhsil-tədris məsələləri sovetlər dönəmində olduğu kimi saxlanılması təəssüf doğurur: “Hətta, indi də ölkədə fəaliyyət göstərən 50-dən çox ali təhsil ocaqlarının ixtisasları, tədris resursları sovetin qoyduğu kimi qorunub saxlanır. Məhz dünya standartlarına cavab verməyən ixtisasların, idarəçiliyin, tədris resurslarının nəticəsidir ki, Azərbaycan universitetlərinin heç biri dünya reytinq cədvəlində siyahıya daxil ola bilmir”.

“Ali təhsil müəssisələrinin qüsurlu cəhətlərindən biri də ali məktəblə orta məktəb arasında təkrarçılıq olmasıdır”, - deyən ekspert əlavə edib ki, orta məktəblərdə tədris olunan fənlərin, mövzuların ali məktəblərdə də tədris olunması və hətta, həcmdə və yanaşma tərzində eyniyyətin gözlənilməsi yaxşı hal deyil: “Bu, onu göstərir ki, təhsil pillələri arasında əlaqələr yoxdur və təhsilin tədrisi vahid mərkəzdən idarə olunmur. Bu təhsil alan tələbələrin fənnə, ixtisasa marağını azaldır. Belə ki, eyni mövzunu görən tələbə ali məktəblərdə yenilik olmadığı halda, orda təhsil almaqda maraqlı olmur. Hesab edirəm ki, mövzular təhsilin pillələri arasında düzgün şəkildə paylanmalı və varislik, təkrarsızlıq prinsipləri qorunmalıdır”.

12.09.2017 15:40 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo