Ədəbiyyatda milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

Eşqin Nuruşov/AZADİNFORM. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və həmin İnstitutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduğu “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq  ideologiyası ” adlı monoqrafiya çapdan çıxıb.

Azadinform xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri- AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Nəzərə çatdıraq ki, monoqrafiyada milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından bəhs olunur.  Həmçinin Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər əsərdə özünə yer tapır. Eyni zamanda ana abidəmiz olan “Kitabi-Dədə-Qorqud” dastanından başlamış böyük şair və yazıçılarımızın yaradıcılığında özünə əsas yer tutan milli ideologiya monoqrafiyada ciddi təhlil olunur. 

Görkəmli Azərbaycan ziyalıları Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Məmməd Səid Ordubadi, o cümlədən XX əsrin ortalarından sonlarına doğru Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi şair və yazıçılar milli-ideoloji məsələləri uğurla əks etdiriblər ki, bütün bu məsələlər müəlliflər tərəfindən kitabda təhlil və təqdim olunur. 

Qeyd edək ki, yeni nəşr ali məktəb tələbələri, müəllim, elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

12.09.2017 13:05 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo