Politoloq: Türkiyənin Rusiyadan silah alması ABŞ-ı qıcıqlandıracaq

Leyla Məhərrəmova/AZADİNFORM. “Türkiyə son zamanlar Qərblə, xüsusilə ABŞ-la münasibətlərini gərginləşdirib. Türkiyənin Rusiya ilə əlaqələrində müxtəlif sahələr üzrə yaxınlaşma var, bu terrorizmə qarşı mübarizədə özünü göstərir. Həmçinin iki dövlət Suriya ilə bağlı məsələlərdə  bir araya gəlib”. 

Bu fikirləri Azadinform-a politoloq Fikrət Sadıqov Türkiyənin Rusiyadan S-400 raketləri alması məsələsini şərh edərkən bildirib. O qeyd edib ki, Türkiyə rəsmiləri bu məsələdə özlərini kifayət qədər müstəqil aparır. Politoloq vurğulayıb ki, S-400 NATO-nun silahlarından fərqlənir, amma burada bir reallıq da var: “Türkiyə kütləvi şəkildə Rusiyadan silah almır və ya hərbi texnikanı kütləvi şəkildə dəyişmir. Türkiyə sadəcə olaraq S-400 raketlərini əlavə silah kimi alır. Türkiyənin bu addımı bir sıra ölkələrə qarşı hazır vəziyyətdə olmasına yönəlib”. 

F. Sadıqovun fikrincə, Türkiyənin Rusiyadan silah alması faktı ABŞ-ı qıcıqlandıracaq. Bunun da müəyyən səbəbləri var: “ABŞ kürdlərə dəstək verir, kürd muxtariyyətinə səsvermə prosesi ərəfəsində ABŞ onları dəstəkləyən fikirlər səsləndirirdi və  hərbi texnika da göndərirdi. Buna baxmayaraq rəsmi Ankara öz maraqlarına cavab verən addımlar atır”. 

12.09.2017 11:55 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo