Moldova ordusu prezidentə tabe olmaqdan imtina etdi

Hərbi heyətin NATO təlimlərində iştirakı gərginliyə səbəb olub 


 

"Moldova prezidenti İqor Dodon xalqa müraciət edərək ümumxalq etirazlarına rəhbərlik edəcək”. Bunu Moldova parlamentinin deputatı Vladimir Çurkan bildirib. Deputat qeyd edib ki, Sosialistlər Partiyası ölkədə ən yüksək reytinqə malikdir və sentyabrın 24-də baş tutacaq mitinqində hökumətin NATO-nun Ukraynada keçiriləcək təlimlərinə prezidentin etirazlarına baxmayaraq hərbçiləri göndərmək qərarını qabardacaq. Prezident partiyasından olan deputat onu da deyib ki, hökumətin addımı milli müdafiə haqında qanunla ziddiyyət təşkil edir. Antihökumət mitinqlərinin növbədənkənar parlament seçkilərinə gətirib çıxara biləcəyi xüsusi qeyd edilir. Rusiyayönümlü qüvvələrin bu ərəfədə xüsusilə fəallıq göstərdikləri vurğulanır.
Ölkədə artıq Konstitusiya münaqişəsi göz önündədir. Moldova Xalq-Sosialist Partiyasının lideri Viktor Stepanyuk bu qənaətdədir. Moldovalı siyasətçi bildirib ki, hökumət Ukraynada keçiriləcək NATO təlimlərinə hərbiçiləri göndərməklə Konstitusiyanı pozub. Belə ki, ali qanuna görə, bu hüquq prezidentə aiddir. Prezident isə "Rapid Trident 2017” adlanan təlimlərə moldovalı hərbçiləri göndərməyi qadağan edib. Bundan sonra isə hökumət əks qərar qəbul edib və müdafiə naziri də ona tabe olub. Bundan sonra prezident Konstitusiya Məhkəməsinə müraciət etməli olub. Lakin son hadisələr göstərir ki, Konstitusiya Məhkəməsi də hökumət və parlament çoxluğu ilə birgə prezidentə qarşı çıxır. Bu səbəbdən də hadisələrin gedişi dövlət başçısının xeyrinə olmaya bilər. Lakin məsələ ondadır ki, Dodona xalqın müəyyən bir hissəsinin dəstəyi var. Bu səbəbdən də sentyabrın 24-də keçirilməsi nəzərdə tutulan mitinq kütləvi hal ala bilər. Rusiyapərəst siyasətçi hesab edir ki, hakimiyyətlə siyasi elita arasında qarşıdurmanın kökündə geosiyasi məsələ olduğu göz önündədir. Prezident və tərəfdarları qatı rusiyapərəstdir. Seçkilərdə də Rusiya açıq şəkildə ona dəstək verib. Hökumət və parlament çoxluğu isə əksinə, qərbyönümlü, Avropa strukturlarına inteqrasiyanın tərəfdarı kimi tanınır. Viktor Stepanyuk xüsusi vurğulayıb ki, sollar növbədənkənar seçkilərin keçirilməsi üzərində sona kimi duracaqlar. Lakin məsələ ondadır ki, sosialistlərin cəbhəsində də birlik mövcud deyil. Məsələn, Renato Usatının "Bizim Partiya”sı prezidenti tənqid etməyə başlayıb. Bu partiyanın müəyyən elektoratı da var. Stepanyuk iddia edir ki, insanlar Usatının Dodona qarşı tənqidlərlə çıxış etdiyini müşahidə etdikdə, elektoratı ondan üz döndərəcək. Növbədənkənar seçkilərin keçirilməsinə qarşı sağ partiyalar da çıxış edir. Onlar da son günlərə qədər sosialistlərlə birgə idilər, lakin indi mövqelərini dəyişiblər. Bu səbəbdən də siyasətçi hesab edir ki, qarşıdakı aksiyanın nəticələrini proqnoz etmək çox çətindir.
Xatırladaq ki, ötən gün Moldova Milli Ordusunun birləşmələri prezidentin qadağasına baxmayaraq, Ukraynada keçiriləcək "Rapid Trident 2017” beynəlxalq təlimlərinə yola düşüb. Lvov vilayətində keçirilən təlimlərdə Moldovanın 57 hərbçisi iştirak edir. Sentyabrın 23-nə qədər davam edəcək təlimlərdə Ukraynadan 2,5 min hərbçi iştirak edəcək. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bundan əlavə, Alyansa üzv olan dövlətlərdən 14-nün hərbçiləri təlimdə təmsil olunurlar. Moldova hərbçilərinin rəhbəri Aleksandr Markuça bildirib ki, bu təlimlərin məqsədi Moldova ordusunun döyüş qabiliyyətinin artırılması, onun müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq arenada pozitiv obrazının formalaşdırılmasıdır.
Sosialistlərin böyük ümid bəslədikləri aksiyaya dəstəyin güclü olmadığını düşünənlər də var. Onların qənaətincə, hakimiyyətin Qərblə son anlaşmaları əhali arasında hökumətə inamı artırıb. Keçirilən rəy sorğularının nəticələrinə görə, prezidentə qarşı münasibət də birmənalı deyil. Bəziləri onun qatı rusiyapərəst olması ilə barışmaq istəmir və hesab edirlər ki, ölkənin ərazi bütövlüyünün pozulmasında Moskvanın əvəzsiz rolu olub. Bir qisim isə əksinə, hökumətin korrupsiya girdabında çürüdüyünü əsas götürürlər. Belə ki, hələ də bütün dünyaya səs salan "əsrin oğurluğu” qalmaqalı ilə bağlı gərginlik səngiməyib. Bir milyard dollarlıq büdcə talanı ilə bağlı həbslər və istintaq araşdırmaları getsə də, arada heç nə yoxdur. Hökumət üçün müsbət olanı odur ki, prezidentin elə də böyük səlahiyyətləri yoxdur. Mitinq ona olan dəstəyin hansı səviyyədə olduğunu üzə çıxara bilər. Bu səbəbdən də rusiyapərəst qüvvələr təbliğat maşınını tam gücü ilə işə salıblar. Moldovada Ukrayna ssenarisinin təkrarlana biləcəyinə də inam azdır. Alman politoloq Aleksandr Rar isə hesab edir ki, prezident İqor Dodon Avropa İttifaqı ilə yaxşı münasibətlərin qurulmasında, eləcə də, Rusiya ilə münasibətlərin bərpasında maraqlıdır. "Prezidentdən fərqli olaraq isə yerdə qalan hakimiyyət rıçaqları Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsində maraqlıdırlar. Avropa İttifaqını isə hazırda Moldova elə də maraqlandırmır - onun özünün problemləri kifayət qədərdir”, - deyə o bildirib.
Son məlumatlara görə, prezident hərbi hissələri yoxlanılması barədə qərar qəbul edib. Prezidentin mətbuat katibi bildirib ki, məqsəd hərbçilərin hərbi hissələrdə olub-olmadığını üzə çıxarmaqdır. "Əgər onların yoxluğu üzə çıxarsa, onda hərbi rütbələrindən məhrum ola bilərlər”, - deyə mətbuat katibi sosial şəbəkələrdə yazıb. İstənilən halda, proseslərin gedişi sentyabrın sonlarında keçirilməsi nəzərdə tutulan mitinqdən, daha dəqiq desək orada nə qədər insanın iştirak etməsindən asılı olacaq. 

 

Azər Nuriyev

9.09.2017 10:48 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo