Ulu öndər Heydər Əliyevin bu ideyasının həyata keçməsinə çalışmalıyıq

Leyla Məhərrəmova / AZADİNFORM.  Bu gün “Kaspi Təhsil” Şirkəti öz fəaliyyəti və əldə olunan uğurlu nəticələr barədə ictimaiyyət qarşısında yekun hesabatla çıxış edib. Azadinform xəbər verir ki, tədbirdə çıxış edən “Kaspi Təhsil” Şirkəti İdarə Heyətinin sədri Sona Vəliyeva məqsədlərinin ictimaiyyəti məlumatlandırmaq və nəticələri müzakirə etmək olduğunu bildirib: “Bizim gördüyümüz iş təhsil işidir. Bu iş tək dövlətin deyil, həm də ümumxalq işi olmalıdır. Hesab edirəm ki, bu sahədə əldə edilən uğurlar ictimaiyyətlə müzakirə edilməlidir. Sevindirici haldır ki, bu il qazandığımız uğurların müzakirəsi 10 illiyimizə təsadüf edir”. 

S.Vəliyeva qeyd edib ki, 2007-ci ildə yaranan şirkət bu gün 10 yaşını qeyd edir: “Hər il hesabat verəndə çiyinlərimizi böyük bir məsuliyyətin altına verməyin fərqində olmuşuq. Fəaliyyətə başlayanda böyük öhdəlik götürdük və düşünürəm ki, müəyyən mənada bunun öhdəsindən gələ bildik. Xüsusilə bunu abituriyent hazırlığı sahəsində vurğulamaq istərdim. Bu il sırf 11-ci sinifdə təhsil alan 324 abituriyentlə çalışdıq və onların 96 faizi ali məktəbə qəbul olub bizi sevindirdi. 600-dən çox bal toplayanlar üçün xüsusi proqram hazırlandı və onların sayı qısa müddətdə 31 nəfərə çatdı. Bu böyük göstəricidir. Həmçinin 60 abituriyent 500-dən çox bal topladı. Hesab edirəm ki, bu şirkətin fəaliyyətində yüksək göstəricilərdən biridir”.

S.Vəliyeva əlavə edib ki, əlbəttə, bütün bu uğurlar şirkəti arxayın salmır və 100 faiz nəticə əldə etməyə çağırır: “Hesab edirəm ki, bu gələcəkdə belə də olacaq. Sevindirici hal odur ki, 600-dən çox bal toplayan abituriyentlərin sayı çoxdur. Respublikada 700 bal toplayan abituriyentlərin sırasında bizim də payımız var. Belə ki, Vahab Cəbrayılov “Kaspi”nin əməyini, valideynlərinin etimadını doğruldaraq qəbul imtahanında 700 bal topladı”.  

S.Vəliyevanın sözlərinə görə, “Kaspi”nin uğurları bununla bitmir: “Bu il ilk məzunlarını buraxan “Kaspi Liseyi”  və ilk dəfə abituriyent hazırlıqlarını təşkil edən Xətai filialı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 100% nəticə göstərib”. 

S.Vəliyeva bu il “Kaspi”nin fəaliyyət dairəsinin bir az da genişləndiyini, Beynəlxalq Məktəbəqədər Kurrikulum standartları əsasında fəaliyyət göstərən yeni ingilisdilli Kaspi Beynəlxalq Uşaq Bağçası və Əhmədli qəsəbəsində yerləşən Azərbaycan və rus bölmələrindən ibarət yeni bağçalar açıldığını da diqqətə çatdırıb: “Biz dövlətin təhsil siyasətinə töhfə vermək, burada təmsil olunmaq üçün fəaliyyətimizin müxtəlif sahələrində yeniliklər etməyə çalışırıq. Hər il bir filialda yeni proqramla fəaliyyətimizi davam etdiririk. Dövlətin təhsil siyasətinə dəstək veririk. Düşünürəm ki, Prezidentin “qara qızılı insan kapitalına çevirək” devizinə töhfə vermiş olacağıq. Bizim əsas məqsədimiz Azərbaycana layiqli vətəndaş yetişdirməkdir. Kiçik yaşlarından başlayaraq universitetə qədər hazırlıq proqramlarında əsas məqsədimiz dövlət qurucusunu yetişdirməkdir”.  

“Kaspi Təhsil” Şirkəti İdarə Heyətinin sədri bildirib ki, Prezident İlham Əliyev də son günlər məktəblərin açılışında milli təhsilə və milli dəyərləri özündə ehtiva edən gəncliyin yetişməsinə önəm verir. Hesab edirəm ki, Ulu öndər Heydər Əliyevin bu ideyasının həyata keçməsinə hamılıqla çalışmalıyıq”.

Qeyd edək ki, tədbir çıxışlarla davam etdirilib. Sonda isə yüksək bal toplayan abituriyentlərə şirkət adından qiymətli hədiyyələr təqdim edilib. 

8.09.2017 13:59 / Baxılıb: 445 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo