Cinsi nisbətin pozulmaması üçün hansı tədbirlər görülə bilər?

Ləman Hüseynzadə / AZADİNFORM. Ölkəmizdə doğum səviyyəsinin aşağı düşməsi və cinsi nisbətin pozulması problemi daim müşahidə edilir. Bəziləri qız uşaqlarının tələf olmasının artıq keçmişdə qaldığını desə də təəssüflər olsun ki, problem bu günümüzdə də öz aktuallığını qorumaqda davam edir. 

Mövzu ilə bağlı olaraq Azadinform-a açıqlama verən sosioloq Lalə Mehralı qeyd edib ki, ölkəmizdə abortun statistikası yüksəkdir və bu danılmazdır: “Rəsmi məlumatlara görə, hər il ölkədə 33-34 min abort edilir, amma bəzi QHT-lərin araşdırmalarına görə bu rəqəm 150-200 min arası dəyişir. Çünki abortların hamısı xəstəxana şəraitində edilmir. Düzdür, abort statistikasında uşaqların cinsi barədə bir açıqlama yoxdur, amma doğulan uşaqların cinsiyyəti göstərir ki, ölkədə selektiv abort baş alıb gedir. Adicə istənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır. Əksəriyyəti bilir ki, 13 həftəlik uşaq beyni, düşüncəsi, bütün orqanları, gözləri, əlləri, ayaqları olan kiçik bir insandır. Məlum olduğu kimi, ultrasəs müayinəsi ilə uşağın cinsinin dəqiq təyin olunması hamiləliyin 13-cü həftəsində mümkün olur. Uşağın cinsi ürəyinə yatmayan valideyn də qaçır abort otağına. Amma gəlin görün ki, mövcud qanunvericiliyimizə görə, hamiləliyin yalnız 12-ci həftəsinə bir tibbi göstəriş olmasa, ananın arzusu ilə abort etmək olar. 13-cü həftədən sonra baş tutan abortlar isə sadəcə soyqırımdır”.

Sosioloq bildirib ki, bu məsələdə qadağa və cəzaların tətbiqinin şərtdir: “Qadınlara arzuolunmaz hamiləlikdən qorunmağın yolları barədə ciddi dərslər və seminarların keçirilməsi də şərtdir. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna elə bir müddəalar əlavə eləmək olar. Uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılması xüsusi tibbi göstəriş olmadığı halda və yaxud da selektiv abortların aparılması qadağan edilə bilər. Qadağaya rəğmən abort edən həkim də, abort etdirən qadın da, aborta məcbur edən kişi də məsuliyyətə cəlb edilsin. Bir, iki, lap üç belə qəti cəza tədbiri görülsə, abort sayında ciddi azalma olacaq. Əksər qadın hamiləlikdən qorunma yollarını ya bilmir, ya da lazımsız hesab edir. Bir aborta xərclədikləri pulun yarısı ilə arzuolunmaz hamiləlikdən ən az 3 il qorunmaq olar. Onlara hər dəfə abort etdirdikdən sonra orqanizmlərində baş verən deformasiyalar, qətl etdikləri uşaqlar barədə ciddi faktlar tədris etmək lazımdır. Eləcə də demoqrafik göstəricilərin selektiv abortla dəyişməsi barədə məlumatlar daim əhaliyə çatdırılmalıdır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən 2015-ci ildə abortların sayı 15-49 yaş arası qadınlarda 27,5 min təşkil edib. 2016-cı il üzrə nəticələr isə hazırlanmaqdadır.

8.09.2017 12:46 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo