Müstəsnalıq fərdi anlayışdır

Gəlin, söhbətimizə yaxın keçmişə kiçik səyahətlə başlayaq. 


Bir anlıq 1989-cu ilin sonlarını və 1990-cı ilin əvvəllərini xatırlayaq. Həmin dövrdə Hökumət evi qarşısında sonradan adı dəyişdirilmiş Azadlıq meydanına toplaşmış  yüz minlərlə  insan kütləsinə başçılıq edənləri, əllərini havaya qaldırıb-endirməklə onları istədikləri istiqamətə yönəldənləri və nəhayət, bu hadisələrin nəticəsi olaraq  hakimiyyət başına keçib dövləti idarə etməyə başlayanları yada salmağa çalışaq. Xatırladınızmı? Fikrimcə, indi bu sətirləri oxuyanların çoxu həmin tarixi hadisələrin canlı şahidi olmuş, baş verənləri öz gözləri ilə izləmişlər. Əlinizi sinənizə qoyub dediklərimə vicdanla yanaşsanız, yəqin ki, çoxunuz mənimlə razılaşar, mitinqlərə rəhbərlik edənlərin delitant olduqlarını təsdiqləyərsiniz.

 

Tam səmimiyyətinizlə etiraf edin ki, özlərini o illərin mitinqlərinin “təşkilatçısı”, “lideri”, “rəhbəri” adlandıranların, kiçik istisnalarla, demək olar ki, hamısı elmdə və incəsənətdə, siyasətdə, dövlətçilik sahəsində, ümumiyyətlə, həyatda özünü natamam realizə etmiş insanlar, yarımçıq alim, mütəxəssis və siyasətçilər idilər. Onların arasında bu və ya digər formada natamamlıq kompleksindən əziyyət çəkənlərin birini də mən cəmiyyətdə yüksək məqamda görməmişdim. Qəlblərinə, ağıllarına hakim kəsilmək istədikləri, ələ almağa çalışdıqları kütlənin də əksəriyyəti elə həmin rəhbərlərə bənzər insanlar idi. Qoy, bu sözlərimə görə onlar məndən inciməsinlər. Vətən tarixindən danışanda söhbətin meyarı yalnız və yalnız həqiqət olmalıdır. Buna mənim şübhəm yoxdur. Digər tərəfdən, burada gizlədiləsi, utanılası və inkar ediləsi heç nə yoxdur. Çünki əminliklə demək olar ki, ciddi ictimai-siyasi dəyişikliklərin, islahatların baş verdiyi keçid dövründə bütün dünya dövlətləri və xalqları belə vəziyyətlə qarşılaşıb və o dövr ölkəmizdə baş verənlər də təbii hal kimi qəbul edilməlidir.

 

İnqilablar həmişə şüuru dağıtmağa yönəltmişlər tərəfindən həyata keçirilir. Yaratmaq, yenidən qurmaq istəyi çox şeyləri - o günədək əldə edilənləri dağıtmaqla müşayiət edilirdi. Bu inqilab məfhumunun ayrılmaz tərkib hissəsidir və bundan vaz keçən xalqlar olmayıb. Dağıtmaq tikməkdən dəfələrlə asandır. Bu niyyətin tələblərinə son qoymaq üçün mütləq şəkildə nəsə qurban verilməlidir və adətən belə də olur.Yaşadığımız reallıqları inkar etmək bizə heç nə qazandırmaz və həqiqəti də inkar etməz. Biz əksinə, tarixin bu çətin sınağından az qurban verməklə çıxdığımıza şükür etməliyik. O zaman böyük siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verənlərin mahiyyətini və formasını kökündən dəyişdi. Təcrübəli dövlət xadimi, böyük siyasətçi, dövlət quruculuğunda dərin bilikləri olan Heydər Əliyev hadisələri məntiqəuyğun şəkildə düzgün istiqamətə yönəltməyi bacardı, ölkəni tədricən qüsurlu, dağıdıcı niyyətli “siyasətçilər”in əlindən məharətlə aldı. Bu vəziyyət 1993-cü ilədək davam etdi. 1993-cü ildən sonra baş verənlər hər birimizə yaxşı məlum olduğundan bu barədə uzun-uzadı danışmağa ehtiyac hiss etmirəm... Bizim ölkəmizdə vaxtilə baş verənləri haşiyə kimi göstərməyim bu gün dünyada gedən prosesləri daha yaxşı başa düşmək istəyimdən irəli gəlir.

 

Qayıdaq az əvvəl qeyd etdiyim natamamlıq, yarımçıqlıq kompleksinə. İlk növbədə qeyd edim ki, bizimkilərin o dövrdə düçar olduqları bu bəla təkcə onların özləri üçün yox, bütün bəşəriyyət üçün qorxulu hal və ciddi problem olmuş və belə də qalmaqdadır.

 

Ən dəhşətlisi isə odur ki, bu halı çoxları psixi xəstəlik adlandırır və sağalmaz bəla hesab edirlər. Zaman ötdükcə o daha da dərinləşir, gizli simtomplar getdikcə özünü açıq-aşkar biruzə verməyə başlayır. Nəinki xüsusi istedada, qeyri-adi bacarığa, heç elementar bilik və savada, dünyagörüşünə belə sahib olmadıqlarını unudan bu “xəstə siyasətçilər” layiq olmadıqları halda hər döyüşdə bütün vasitələrdən istifadə etməklə qalib çıxmağa can atır, insanlar üzərində hakimiyyəti ələ keçirməyə çalışır və təəssüf ki, bəzi hallarda  buna nail ola bilirlər. Nəticə isə göz qabağındadır - qanlı müharibələr, parçalanmış insan cəsədləri, anasız-atasız qalmış körpələr, əli qardaş qanına bulaşmış vətəndaşlar, xarabalığa çevrilmiş evlər, kəndlər, qəsəbələr, şəhərlər, yer üzündən silinmiş nadir tarixi abidələr... 3 min illik dövr ərzində tarixin şahidlik etdiyi 5 mindən artıq müharibənin, demək olar ki, böyük əksəriyyətinin səbəbkarı barəsində bəhs etdiyimiz “natamamalıq kompleksi”ndən əziyyət çəkən dar düşüncəli siyasətçilərin olduğunu təsdiqləyə bilərik. Qədim Yunanıstan dövründən tutmuş bu günümüzədək baş verən müharibələrin təşəbbüskarlarından bir-ikisini gözümüzün qaşısına gətirsək görərik ki, dediyim səbəb ehtimal deyil, tarixi həqiqətdir. (Yuli Sezarı, Napaleon Bonapartı, Adolf Hitleri yada salaq). Kompyüter texnikası və texnologiyası yüksək səviyyədə inkişaf etdikcə problem həll olunmaq əvəzinə daha da dərinləşdi. İndi bu “uzaqgörən siyasətçilərin” sırasına kompyüter mütəxəssisləri, bloggerlər dəstəsi də qoşulub. 

 

Başqalarından fərqli və üstün olduqlarını təsdiqləmək istəyənlər, özlərini “seçilmiş” adlandıran bu şəxslər başqalarının ağlına hakim kəsilməyə, bütün dünyanı ələ almağa çalışırlar. Elə təkcə son illərdə ABŞ-da və Avropada baş verənləri xatırlamaq kifayətdir. Amerikada sonuncu prezident seçkilərindən hələ xeyli əvvəl müstəsnalıq iddiası, əsassız da olsa, eks prezident Barak Obamanın dilində dərin siyasi-mənəvi bataqlıqdan çıxış yolu kimi səsləndi. Təbii ki, bu “nağıl”a inananlar da tapılmışdır. 

 

Xeyli müddət ictimaiyyətin diqqətində saxlanılan bu ideya çoxlarının gələcək fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərmişdir. Özü də bu iddia nəinki müstəsnalıq, hətta mükəmməl ABŞ milləti və xalqı barədə danışmağın məntiqsiz və gülünc olduğu eyni vaxtda ortaya atmışdır. Prezident seçkilərinə bir il qalmış dövlət idarəçiliyində və siyasətində yaranmış boşluğu məhz müstəsnalıq iddiası ilə doldurmağa çalışan Barak Obamanın səhvini hamı başa düşürdü. Diqqət yetirdinizsə, eks-prezident Barak Obama itmiş sevimli oyuncağını yenidən tapan uşaq kimi sevinirdi. Amma bir qədər məntiqimizi və ağlımızı işə salıb düşünsək anlayarıq ki, hazırda ABŞ-da kimsə müstəsnalıq iddiası ilə çıxış edə bilməz. Nə yeganə icraedici orqan olan prezident, nə konqress, nə senat, nə də ki, aşağı və ya yuxarı palata... 

 

Bir həqiqəti qəbul etmək lazımdır: “Müstəsnalıq fərdi anlayışdır, bu məfhumun kollektivə aid edilməsi yolverilməzdir”. Belə fərdləri hamımız dərk edirik. Incəsənət, elm, siyasətdə müstəsnaları hamı qəbul edir: Bax, Şopen, Çaykovski, Tolstoy, Nizami, Səməd Vurğun, Hüseyn Cavid, Leonardo Davinçi, Şarl de Qoll, Çörçil, Stalin və b. Lakin Barak Obama, Con Makkeyn dünyanı özlərinin müstəsnalığına inandırmaq istəkləri gülüncdür. Əgər Con Makkeyn həqiqətən belə düşünürsə, demək ki, onun “müstəsnalıq” xəstəliyi artıq öz inkişafının sonuncu - dördüncü mərhələsinə çatıb. Bu, artıq adi hal deyil, potologiyadır. Söhbət heç bir beynəlxalq hüquqi normalara, BMT-yə üzv dövlətlərinin (onların sayı artıq 192-yə çatıb) qarşılıqlı münasibətlərini nizamlayan konvensiyalara məhəl qoymadan qanuni və qeyri-qanuni vasitələrlə siyasi rəqibləri məhv etməyi özünün “müqəddəs missiyası” hesab edən Con Makkeyn kimiləri yalnız siyasi “dələduzlar” içində müstəsna yer tuta bilər. ABŞ-da yeganə icraedici hakimiyyət olan qanuni yolla seçilmiş ABŞ prezidentinin səlahiyyətlərini məhdudlaşdırmağa çalışan rusofobların lideri Con Makkeyn digər senatorları, konqresmenləri də yoluxdurmağa səy göstərir.

 

Təəssüf ki, onun hiyləsinə uyanlar da az deyil. ABŞ-da yeganə icraedici orqana başçılıq edən prezident üzərində hökmranlıq səlahiyyətlərinin yetərincə olmamasından şikayət edən senator və konqresmenlər kollektiv məsuliyyətsizlik xəstəliyinə düçar olublar və bu, özünü son bir neçə ayda açıq-aşkar biruzə verir. Həmin kollektiv natamamlıq sindromu kütləvi məsuliyyətsizlik anlayışı ilə tamamilə eyniləşir. Amerikalı və avropalı siyasətçilər bu reallığı çox gözəl dərk edir və digər ölkələrdə hakimiyyət çevrilişlərində kollektiv məsuliyyətsizlik kompleksindən məharətlə istifadə edirlər.

 

Özünüz düşünün, Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qəbul edilmiş qərarda kimi günhalandırmaq olar? Qanunverici və icraedici orqanlardan heç birini əsaslandırılmış şəkildə günahlandırmaq mümkün deyil. Bax “natamamlıq”, “kollektiv məsuliyyətsizlik” də elə budur. Bunu isə yəqin ki, obyektiv səbəblərdən mövcud olmayan müstəsna millət anlayışı ilə izah etmək gülüncdür. Bu gün az qala orta məktəb şagirdi də bilir ki, “Amerika milləti” deyilən bir ifadə, məfhum yoxdur, ABŞ vətəndaşı var. Millətlə vətəndaş məzmun və mahiyyətcə əsaslı surətdə fərqli anlayışlardır. Mövcud olmayan bir millətin müstəsnalığından isə söhbət etmək nə dərəcədə məntiqə uyğundur?! Əslində, tanınmış dövlət adamları, ədalətli siyasətçilər (onlara nadir hallarda rast gəlinir) qəbul etdikləri hər bir qərarın məsuliyyətini dərk edir və bu yükü öz üzərinə götürürlər. Hazırda ABŞ-ın qanunverici  hakimiyyətinin son dövrdəki fəaliyyəti isə yalnız məsuliyyətsiz və düşünülməmiş addımlarla özünü biruzə verir və yüksələn xətt üzrə inkişaf edir.


Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

7.09.2017 14:50 / Baxılıb: 549 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo