"Prezidentin mənimlə danışığını dünyalara dəyişmərəm"

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı, eləcə də Ağdam klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Məlumata görə, 35 yaşlı müdafiəçi əvvəlcə Prezident İlham Əliyevin "Qarabağ"ı qəbul etdiyi vaxt onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib...

- Dövlət başçısının mənimlə danışığını dünyalara dəyişmərəm. Fikirlərimdə Çempionlar Liqasının qrup mərhələsində oynamaq var idi. Düşünürdüm ki, bəlkə oynayım, karyeramın sonunda oynayım. Prezident mənə o sözləri elə anda dedi ki, sanki ağlımı oxuyurdu, fikirlərimi hiss etmişdi. Onun belə bir söz deməsi çox xoş idi. Baxaq-görək, necə alınacaq.


- Hələ ki gücünüz var?

 

- Çalışacam, əlimdən gələni edəcəyəm ki, oynayım.


- Bir tərəfdən Çempionlar Liqasının qrup mərhələsi, bir tərəfdən də 19 yaşlılardan ibarət komandanın baş məşqçisi kimi UEFA Gənclər Liqası. Hansına üstünlük verəcəksiniz?

 

- Həqiqətən də çox maraqlı situasiya ilə üzləşmişəm. Heç kim hazırda nələr keçirdiyimi bilmir. Yay ərzində xeyli çalışmışam. Komandam tam dəyişib. Ötənilki heyətdən cəmi 3 futbolçu oynada bilərəm. Transferlər üçün danışıqlar aparmışıq. Sağ olsun, "Neftçi" və "İnter" klubları. Köməklik etdilər ki, onların bəzi oyunçularını komandama cəlb edim. Üstəlik, legionerlər də dəvət etmişəm. Bir neçəsi ilə danışıqlar gedir. Çalışacağıq ki, Gənclər Liqasında yaxşı nəticələr göstərək. Amma elə alındı ki, turnirdə Gənclər Liqasında son iki mövsümün qalibi İngiltərənin "Çelsi" klubuna qarşı oynayası olacağam. Bu, futbolçularımız üçün yaxşı təcrübə olacaq. Çoxu milli komandanın üzvüdür. Cəmi 2 ay sonra seçmə mərhələdə oynayacaqlar. Bu, onlar üçün yaxşı təcrübə olacaq. Çalışacağıq ki, əlimizdən gəldiyi qədər ölkəmizi yaxşı təmsil edək.


- Bəs "Qarabağ"ın düşdüyü qrupu necə dəyərləndirirsiniz?

 

- Çox sevinirəm ki, Azərbaycana belə böyük komandalar gələcəklər. Hamımız üçün böyük bayram olacaq. Bəlkə də başqa qrupa düşə bilərdik. Amma belə 3 böyük kluba qarşı oynamaq həm "Qarabağ"ımız üçün, həm tanıtım, həm də dünyanın bizdən danışması baxımından gözəl fürsətdir. Düzdür, qrupa düşmüşük, amma bunu içimizdə həddən artıq şişirtmir, böyütmürük. Bizim üçün böyük nəticədir. Neçə ildir buna doğru gedirdik, çox sevinirik. Amma çalışırıq ki, unudaq. Bu gün "Qəbələ" ilə matçda meydanda 90 dəqiqə mübarizə aparan, əlindən gələni edən komanda var idi. O cür oyundan sonra çempionat matçına yönəlmək asan deyildi. Amma sevinirəm ki, komanda şəklində bunu bacardıq. Bəzi futbolçular istirahət edəcəklər. Amma çoxumuz millinin düşərgəsinə gedirik. Norveç və San Marino ilə 2 vacib oyunumuz var. Daha sonra Çempionlar Liqasını düşünəcəyik.


- Azərbaycan millisinə 9 futbolçunuz dəvət alıb. Bu, Çempionlar Liqasından əvvəl "Qarabağ" üçün stimul sayıla bilər?

 

- Təkcə əsas yox, 21 yaşadək futbolçulardan ibarət yığmaya da gedən üzvlərimiz var. Eyni zamanda Ansi Aqolli Albaniya, İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb. Bizim üçün çox çətin dövr olacaq. Demək olar ki, istirahətə vaxtımız olmayacaq. Millinin düşərgəsindən qayıdan kimi Premyer Liqa və İngiltərədə "Çelsi" ilə səfər matçımız olacaq. Çempionlar Liqasının qrupunda oynamaq bizim üçün yeni təcrübə olacaq. Əlimizdən gələni edəcəyik ki, oyunlara yüksək hazırlıq səviyyəsində olaq.


- Oyunun axırlarında azarkeşlə nə söhbət edirdiniz?

 

- Məni "Qəbələ" azarkeşi çağırdı. "Biz sizə azarkeşlik edirik. Sizi Çempionlar Liqasında sonadək dəstəkləyəcəyik", - dedi. Ona minnətdarlığımı bildirdim. Çempionatın favoritlərinin biri olan rəqib komanda azarkeşlərindən bu cür sözləri eşitmək mənim üçün həqiqətən də qürurverici, çox sevindiricidir.


Report

30.08.2017 14:20 / Baxılıb: 350 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo