Mühitə görə ətrini dəyişən ağac

Adəm Abbaslı/AZADİNFORM. Tropik bitki sayılan plümeriya təbiətdə 5-8 metr hündürlükdə olan iri ağacdır və daha çox Cənubi Amerika, Karib adaları və ABŞ-ın cənub ştatlarında yayılıb. Plümeriya ətir və təravətini uzun müddət saxladığına görə həmin ölkələrdə qadınlar saçlarını onun çiçəkləri ilə bəzəyir.

Subtropik iqlimli ölkələrdə onu dekorativ məqsədlə park və bağçalarda əkirlər.

Plümeriya ağ, sarı, çəhrayı, al qırmızı və mərcan rənginə qədər çaları olan çiçəklər açır. Adətən hər çiçək 5, bəzi növlərdə isə 4, 6 və ya 7 ləçəkdən ibarət olur, iri çiçək qrupunda toplanır. Plümeriyanın çiçəkləri zərif və xoşagələn ətrə malikdir. Həmin xüsusiyyətinə görə XVI əsrdə italyan zadəganı Franjipani ondan ətir almaq üçün istifadə etmiş və alınan ətrin çaları ətraf mühitdən asılı olaraq dəyişmək xüsusiyyəti daşımışdı. Onun şərəfinə plümeriyanı bəzən franjipani də adlandırırlar.

Yarpağını tökən bitkilərə aid olduğuna görə qış aylarında yaşıl hissəsi tam və ya qismən tökülür. Sükunət dövrü cəmi bir neçə həftə davam edir.

Ev şəraitində dibçəkdə yetişdiriləndə kiçik ağac formasında olur və müasir dövrdə seleksiyaçı alimlər plümeriyanın çoxlu hibrid formalarını əldə etmişlər. Təbiətdə yalnız yayda çiçəkləsə də, otaq şəraitində ildə bir neçə dəfə çiçək açır. Bunun üçün plümeriyaya gün ərzində 6 saatdan az olmayaraq işıqlı mühit yaratmaq və çiçəkləyən bitkilər üçün nəzərdə tutulan mineral gübrələr vermək lazımdır.

29.08.2017 12:35 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2017
    23.09.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo