Müdafiə naziri yarışlarının bağlanış mərasimində iştirak edib

AZADİNFORM. Moskva şəhərində səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Azadinform Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan “Dostluq Evi”nə gəliblər.

Burada onlar müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmuşlar.

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

13.08.2017 13:07 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2017
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo