"Dəniz kuboku-2017" yekunlaşdı - Qalib kim oldu?

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində III Beynəlxalq Ordu Oyunları çərçivəsində təşkil edilən “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, mərasimdə yarış iştirakçıları, ictimaiyyət nümayəndələri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və “Dəniz kuboku - 2017” haqqında videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Yarışların hakimlər briqadası, komandalar mərasimə dəvət olunub iştirakçı dövlətlərin bayraqları gətirildikdən sonra müsabiqədə yer tutan komandalar təqdim olunub.

Bundan sonra “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qalibləri elan edilib və qalib komandalar fəxri kürsüyə dəvət olunub.

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycan və Rusiya hərbi dənizçiləri müsabiqənin qalibləri elan edilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Fomin komandalara mükafatları təqdim ediblər.

Müsabiqədə 1-ci yer tutmuş Azərbaycan və Rusiya komandalarının şərəfinə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən K. Vəliyev “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil olunaraq keçirildiyini qeyd edib. O, müsabiqənin Xəzəryanı ölkələrin hərbi dənizçilərinin daha yaxından tanış olmaları, qarşılıqlı münasibətlər və əməkdaşlığın güclənməsi, hərbçilər arasında dostluq və qardaşlıq mühitinin yaranmasına xidmət etdiyini xüsusi vurğulayıb. Nazir müavini iştirakçılara uğurlar diləyərək “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsini bağlı elan edib.

Sonra hər komandadan bir nəfərin iştirakı ilə III Beynəlxalq Ordu Oyunlarının və "Dəniz Kuboku - 2017" yarışlarının bayraqları endirilib.

Bağlanış mərasimindən sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekun mətbuat konfransı keçirilib.

Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının nəticələri barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.



11.08.2017 17:20 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2017
    17.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo