ADU-da CLS Turkish proqramının bağlanış mərasimi keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.

ADU-dan Azadinform-a verilən məlumata görə, universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K. Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib. Türk dilini öyrənməyin tələbələr üçün böyük türk mədəniyyətinə daxil olmaq, eyni zamanda dünyamızın bütövlüyünü bir daha hiss etməkdə kifayət qədər ciddi zəmin olduğuna ümid etdiyini qeyd edən rektor onların burada keçirdikləri günlərin ABŞ-Türkiyə münasibətlərinə, o cümlədən ABŞ-ın digər dövlətlərlə əlaqələrinə isti komponent əlavə etdiyinə inandığını deyib. Bu gün Azərbaycanın öz qoynunda müxtəlif mədəniyyətləri birləşdirdiyini, dünyanın müxtəlif dillərində danışan insanların özlərini burada rahat və perspektivə yönəlmiş şəkildə hiss etməsi üçün böyük işlər görüldüyünü qeyd edən K. Abdulla ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərin buna sübut olduğunu deyib. Dünyanın müxtəlif yerlərindən olan insanların Azərbaycana gəlməsindən məmnun olduğunu deyən rektor ölkəmizin artıq dünyada tanındığını vurğulayıb. O, bu cür multikultural və tolerant mühitin Azərbaycanda tarixən mövcud olduğunu və hal-hazırda dövlət tərəfindən davam etdirilərək gələcəkdə daha da inkişaf edəcəyini söyləyib. Rektor Bakının amerikalı tələbələrin gənc yaddaşlarında əbədi qalacağına inandığını deyib. ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev proqram çərçivəsində amerikalı tələbələrin türk dilini öyrənməklə yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazandıqlarını deyib. Proqram müddətində tələbələrin öz türk dili biliklərini daha da təkmilləşdirdiklərinə əminliyini ifadə edən Ə. Abdullayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Heidi Smit amerikalı tələbələrin türk dilini öyrənməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Bu proqramın önəmli olduğunu bildirən H. Smit ünsiyyət qurmaq, özünü ifadə etmək, digər mədəniyyətləri araşdırmaq üçün dilin mühüm faktor olduğunu deyib. Bu proqramda iştirak etməyin üstünlükləri və yaratdığı imkanlardan danışan H. Smit amerikalı tələbələrin səfirlik, həmçinin digər təşkilatlarla əlaqə saxlayacaqlarına inandığını bildirib.   

Proqramın uğurla başa çatdığını deyən Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktor Ketrin Bobbitt işin icrasında yardımçı olan şəxslərə öz təşəkkürlərini ifadə ediblər və proqram iştirakçılarına uğurlar arzulayıblar.

Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.

Qeyd edək ki, türk dilini öyrənən amerikalı tələbələr proqram müddətində Bakıda muzeylər və digər görməli yerlərdə olublar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. Proqram müddətində tələbələrə dil və mədəniyyət mövzularında mühazirələr də təşkil olunub.

Qeyd edək ki, iyunun 14-də başlayan “CLS Turkish” proqramı çərçivəsində 27 nəfər amerikalı tələbə 8 həftə ərzində türk dilini öyrənib.

11.08.2017 16:05 / Baxılıb: 174 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.10.2017
21.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo