DSMF Gəncədə seminar-müşavirə keçirib

Eşqin  Nuruşov/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Gəncədə seminar-müşavirə keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, DSMF pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərini respublikanın bölgələrində də davam etdirir. Bu məqsədlə Fond tərəfindən Gəncədə seminar-müşavirə keçirilib.

Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhərinin Nizami və Kəpəz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.

Seminar-müşavirədə Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanının icrası ilə bağlı müvafiq tapşırıq və izahatlar diqqətə çatdırılıb.

Bildirilib ki, pensiya qanunvericiliyində 1 iyul tarixdən qüvvəyə minən dəyişikliklər dövlət başçısının 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq hazırlanıb qəbul edilib. Bu islahat pensiya sistemində sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının yalnız adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına xidmət edir.

Tədbirdə pensiya təminatı sistemində aparılan islahatlar barədə DSMF-nin mütəxəssisləri tərəfindən təqdimat olub və slaydlar vasitəsilə bu islahatın mahiyyətinə dair dolğun məlumat verilib. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərin tətbiqi barədə, o cümlədən 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, 2017-ci il 1 iyuladək istifadə olunmamış pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası barədə seminar iştirakçılarına məlumat veriblər. Həmçinin pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, öhdəliklərin fərqləndirilməsi, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, pensiya kapitalının formalaşması, yaşa görə pensiya hüququnun yaranması ilə bağlı izahatlar təqdim olunub. Yaşa görə pensiya məbləğinin hesablanması, 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası, qulluq stajına görə əlavələrin təyinatı şərtlərindəki dəyişikliklər və s. barədə də məlumatlar verilib.

Qeyd edək ki, ilk belə seminar-müşavirə Dövlət Sosial Müdafiə Fondunun aparatında keçirilib. Tədbirdə Fondun Bakı şəhərinin rayon şöbələrinin, Sumqayıt şəhər, Qubadlı, Zəngilan, Şuşa, Xızı, Abşeron və s. rayon şöbələrinin əməkdaşlarına müvafiq tapşırıq və izahatlar verilib.

11.08.2017 15:55 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo